AMEA Naxçıvan Bölməsində cari ilin doqquz aylıq elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr edilən hesabat tədbiri keçirilib.

 

Bölmənin sədri, akademik İsmayıl Hacıyev elmi müəssisələrdə müvafiq istiqamətlər üzrə aparılan tədqiqatlardan, eləcə də elmi-təşkilati işlərdən danışaraq bir sıra uğurlu nailiyyətlərin əldə olunduğunu bildirib.

 

Daha sonra Bölmənin Elmi-təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru Orxan Bağırov cari ilin doqquz ayında aparılan elmi-tədqiqat işlərinin nəticələrini diqqətə çatdırıb. Qeyd edib ki, bu dövrdə bölmə əməkdaşlarının 17 monoqrafiyası, 8 kitabı, 2 metodik vəsaiti, 417 elmi məqaləsi, 156 konfrans materialı və bir tezis olmaqla 602 elmi əsəri nəşr olunub. Onlardan 3 monoqrafiya, 65 elmi məqalə, 40 konfrans materialları xaricdə çap edilib. Elmi məqalələrdən 22-i impakt faktorlu jurnallarda, o cümlədən 6-sı Thomson Reuters siyahısına daxil olan jurnallarda dərc edilib.

 

Bölmə əməkdaşlarının 9 monoqrafiyası, 3 kitabı, 358 elmi məqaləsi hazırlanaraq müxtəlif nəşriyyatlara təqdim olunub.

 

Bundan başqa, doqquz ay ərzində Bölmənin “Elmi əsərlər” jurnalının üç, “Axtarışlar” jurnalının isə iki nömrəsi çapdan çıxıb. Bölmədə “Nemətullah Naxçıvani: taleyi və sənəti” məqalələr toplusu və “Naxçıvan Duzdağı” kitabı nəşr olunub, “Ərtoğrol Cavid: taleyi və sənəti” məqalələr toplusu isə çapa təqdim edilib. Bölmədə yerinə yetirilən iki respublika səviyyəli qrant layihəsinə yekun vurulub, ikisi beynəlxalq, biri respublika səviyyəli olmaqla 3 qrant layihəsinin icrası isə davam etdirilir.

 

Diqqətə çatdırılıb ki, bu dövrdə Türkiyə, İran, Rusya, Gürcüstan, ABŞ və Fransanın elm və təhsil müəssisələrinin alim və tədqiqatçıları ilə sıx elmi əməkdaşlıq edilib. Naxçıvan Bölməsi ilə Türkiyənin İğdır Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.

 

Məlumat verilib ki, akademik İsmayıl Hacıyev  “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” kitabına görə Naxçıvan Ali Məslisinin Sədri Vasif Talıbovun Sərəncamı ilə Naxçıvan Muxtar Respublika mükafatlarına layiq görülüb.

 

Həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik medalı, AXC-nin 100 illiyi ilə əlaqədar Türkiyə Cümhuriyyətinin buraxdığı yubiley medalı ilə təltif edilib.