Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının növbədənkənar iclası keçirilib.

 

İclasda MDU əməkdaşlarının aylıq əməkhaqqının artırılması məsələsi müzakirə olunub.

 

Rektor Şahin Bayramov ölkə başçısı İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət siyasətinin məzmununda vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasının prioritet məsələlərdən olduğunu qeyd edib, 2019-cu il ərzində bu yöndə atılmış addımlardan danışaraq, minimum əməkhaqqının bu il ərzində iki dəfə yüksəldilməsini xüsusi vurğulayıb. Onun sözlərinə görə, ölkə başçısı təhsil sahəsinə yüksək diqqət və qayğı göstərir, təhsil işçilərinin sosial rifahının gücləndirilməsi istiqamətində alqışlanmalı  qərarlar verir.

 

İclasda dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarının yüksəldilməsi nəticəsində MDU-nun gəlirlərində gözlənilən mümkün artımlar, eləcə də cari tədris ilində universitetdə ödənişli əsaslarla təhsil alan tələbələrin ümumi sayındakı artım nəzərə alınmaqla, MDU-da 1 sentyabr 2019-cu il tarixindən etibarən aylıq əməkhaqqının professor-müəllim heyəti üzrə orta hesabla 15.2%, inzibati-idarə, tədris-köməkçi və xidmətedici heyət üzrə orta hesabla 13.6% artırılmasına dair qərar qəbul olunub.

 

İclasda MDU-da eyni vəzifə tutan əməkdaşlar üçün vahid vəzifə maaşı müəyyən edilməsi təklifi bəyənilib.