Gələcəyin həkimləri göz xəstəliklərindən danışıblar


Naxçıvan Dövlət Universitetinin Klinik Xəstəxanasının akt zalında  Azərbaycanın görkəmli elm xadimi, tanınmış oftalmaloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Konfransı açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov  tibb elminin inkişafına mühüm töhfələri, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ-də, eləcə də dünyada böyük şöhrət qazanan akademik Zərifə xanım Əliyeva haqda məlumat verib. Qeyd edilib ki, unudulmaz alim, təbib və müəllimin elmi-pedaqoji və praktik fəaliyyəti Azərbaycanda oftalmologiya elminin inkişafına, həkimlərin yeni nəslinin yetişməsinə önəmli kömək göstərib, ölkədə bir sıra göz xəstəliklərinin qarşısının alınmasında təsirli rol oynayıb.

 

Akademik Zərifə Əliyevanın həyat və elmi fəaliyyətinə həsr olunmuş  çıxışında  “Təməl tibb fənləri” kafedrasının müəllimi Şəfiqə Süleymanova istedadlı alim, bacarıqlı adam, qayğıkeş və sevimli qadın, mehriban ana olan Zərifə Əliyevanın həyatı və fəaliyyəti haqda geniş məlumat verib.

Oftalmologiya üzrə II kurs həkim-rezident Natiq Məhəmmədli göz xəstəliklərinin ümumi xarakteristikası, ən geniş yayılan göz allergiyası xəstəliyinin müxtəlif növlərindən və bu xəstəliklərdən qorunma yollarından danışıb.  Həkim-rezident konfrans iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

 

Ən geniş yayılmış göz xəstəlikləri sırasında olan katarakta haqda danışan  “Stomatologiya” ixtisası üzrə I kurs tələbəsi Aygün Yusifova bu xəstəliyin göz büllurunun şəffaflığının pozulması nəticəsində meydana gəldiyini diqqətə çatdırıb. Həmin ixtisas üzrə I kurs tələbəsi Nigar Məmmədova mədəaltı vəzi tərəfindən insulin ifrazının azalması nəticəsində qanda şəkərin miqdarının artması ilə nəticələnən diabetik retinopatiya xəstəliyi haqda danışıb.

 

Qlaukoma xəstəliyi haqqındakı çıxışında “Stomatologiya” ixtisası üzrə I kurs tələbəsi Kübarə Məmmədova vurğulayıb ki, bu xəstəlik gözdaxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunur .

 

Konfrans iştirakçılarına xəstəliklər haqda qısa məlumatların əks olunduğu broşürlər paylanılıb. Sonda YAP sıralarına yeni daxil edilmiş tələbələrə üzvlük vəsiqələri təqdim edilib.