Dünyanın ən yaxşı universitetlərinin növbəti reytinq cədvəli (Round University Ranking) açıqlanıb. Round University Ranking agentliyi ali təhsil müəssisələrinin  iki beynəlxalq fənn reytinqini – təbiət elmləri (natural sciences) və texnika elmləri (technical sciences) üzrə təqdim edib.

Clarivate Analytics şirkətinin elmi məlumatları əsasında tərtib olunan beynəlxalq reytinq dünyanın 85 ölkəsindən 1100  aparıcı universitetin fəaliyyətini qiymətləndirir. Hər  bir ali təhsil müəssisəsi dörd istiqamət - tədrisin keyfiyyəti, tədqiqatların keyfiyyəti, beynəlmiləlləşdirilmənin səviyyəsi və maliyyə davamlılığının səviyyəsi üzrə birləşmiş 20 ayrı indikatordan ibarət olan metodologiya üzrə qiymətləndirilir. Təbiət elmləri üzrə RUR reytinqinə 640, texniki elmlər üzrə 669 ali təhsil müəssisəsi daxil olub.

 

Azərbaycanı ümumi reytinqdə 2 ali məktəb- Bakı Dövlət Universiteti (667-ci yer) və Azərbaycan Memarlıq və İnşaat Universiteti (775-ci yer) təmsil edir. 
BDU  tədrisin keyfiyyətinə görə 543-cü, tədqiqatların keyfiyyətinə görə 668-ci, beynəlmiləlləşmənin səviyyəsinə görə 585-ci, maliyyə davamlılığı səviyyəsinə görə 761-ci yerdə, Azərbaycan Memarlıq və İnşaat Universiteti  tədrisin keyfiyyətinə görə 532-ci,  tədqiqatların keyfiyyətinə görə 724-cü,  beynəlmiləlləşmənin səviyyəsinə görə 598-ci, maliyyə davamlılığı səviyyəsinə görə 800+1-ci yerlərdə qərarlaşıb.

 

Reytinq sıralamasına ABŞ-ın Harvard Universiteti  başçılıq edir.     Harvard Universiteti bu ildə liderlik mövqeyini saxlayıb.  Reytinqin ilk 10-luğunda ABŞ universitetləri üstünlük təşkil edir.  ABŞ-ın Stanford, Yel, Kolumbiya, Kaliforniya, Massaçusets Texniki universitetləri, Böyük Britaniyanın London İmperial Kolleci, Oksford və Kembric universitetləri və İsveçrənin Sürix Universiteti ilk onluğa daxil olub.

 

Oruc MUSTAFAYEV