Naxçıvan Dövlət Universitetinin kollektivi “Muzey günləri” çərçivəsində Cəmşid Naxçıvanskinin muzeyində olub. 

 

Muzey 6 ekspozisiya zalı, fond və iş otaqlarından ibarətdir. Muzeydə Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, orden və medallar, müxtəlif sənədlər, kitablar, məktub və əlyazmalar, şəxsi və ev əşyaları olmaqla, ümumən 5400-ə yaxın eksponat nümayiş etdirilir. Bunların içərisində Cəmşid Naxçıvanskiyə, Azərbaycan atıcı diviziyasının tarixinə, keçdiyi döyüş yoluna həsr olunmuş məqalələr, kitablar xüsusi yer tutur. Həmin eksponatlardan 500-ə yaxını ekspozisiya zalında nümayiş etdirilir.

 

Cəmşid Naxçıvanskinin xatirəsinin əbədiləşdirilməsi, onun uşaqlıq və gənclik, həmçinin hərbi təhsil illəri, Birinci Dünya müharibəsində iştirakı, Azərbaycan Xalq Cümhuriyyətinin təşkil etdiyi Milli Ordu quruculuğunda, Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonrakı dövrdə və Moskvada Frunze adına Hərbi Akademiyada hərbi-pedaqoji fəaliyyəti, təltifləri və repressiyaya məruz qalması, eləcə də generalın ailəsi və yaxın qohumları ilə bağlı sənədlər, kitablar, fotoşəkillər və digər eksponatlar müxtəlif bölmələrdə mühafizə edilir.