Gəlin uşaqlara qarşı diqqətli olaq


Hər birimiz gündəlik həyatımızda nəyəsə əsəbiləşir, bəzən gün ərzində müxtəlif xoşagəlməz hadisələrlə üzləşirik. Hətta bəzən  tam olaraq hadisənin  “baş qəhrəmanı”na da  çevrilirik.  Həmin anlarda özümüzdə güc tapıb belə vəziyyətlərdən çıxış yolu arayırıq. Bu zaman ətrafımızda bizə yaxın olan insanlarla dərdləşir, bəzi hallarda isə psixoloq məsləhətinə ehtiyac duyuruq. Söylədiyimiz odur ki, biz  böyüklər istisna hallarını nəzərə almaq şərti ilə haradasa belə situasiyalardan çıxırıq, özümüzə, əsəblərimizə hakim olmağı bacarırıq.  Söhbət uşaqlara gəldikdə isə fərqli mənzərənin şahidi oluruq. Şiddət görən, hər hansı bir təzyiqə məruz qalan  və ya ailədaxili problemlərin içində, belə demək olarsa, böyüyən, ətrafdakılardan laqeydlik, biganəlik görən  uşaqların psixoloji durumu böyüklərlə müqayisədə daha fərqlidir  və onlara  münasibətimizdə daha həssaslıq göstərməyimiz tələb olunur. Heç kimə sirr deyil ki,  hər hansı  zorakılıqla üzləşən və ya şiddət görən, müxtəlif təzyiqlərə məruz qalan uşaq və yeniyetmələr  çox vaxtı özlərinə qapanır, bədbinləşir və  sığınacaq kimsə olmadıqlarını düşünürlər.  Belə uşaqlar bir müddət sonra  ünsiyyət qura bilmir, dərdlərini danışmaqdan çəkinir və nəticədə bununla bağlı onların sağlamlıqlarında  ciddi fəsadlar yaranır. Nəzərə alsaq ki, uşaqlar gününün çox hissəsini məktəbdə keçirir və bu, ailə ilə birlikdə təhsil müəssisələrinin də həmin məsələyə daha məsuliyyətlə yanaşmasını bir daha gündəmə gətirir.

 

Məhz Təhsil Nazirliyi tərəfindən bu məsələnin aktuallığı nəzərə alınaraq yeni sosial kampaniyaya başlanılıb. Elə  məqsəd də ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdır.

 

Valideynlərin, məktəb rəhbərlərinin, həmçinin geniş ictimaiyyətin diqqətinin qeyd olunan məsələlərə cəlb edilməsi məqsədilə start verilən  “Mənimlə danış” sosial kampaniyası çərçivəsində xüsusi  maarifləndirici sosial videoçarx hazırlanıb və təhsil müəssisələrində nümayişi təmin olunub. Məktəblərdə fiziki və psixoloji zorakılıq halları ilə qarşılaşan şagirdlərlə bağlı hazırlanan bu videoçarx həmin məsələlərin köklü səbəblərini göstərir.

 

Bütün bunlar və reallaşdırılması nəzərdə tutulan digər işlər Təhsil nazirinin 13 may 2019-cu il tarixli əmri ilə “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı”na müvafiq olaraq həyat keçirilir. Belə ki, həmin planda ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, məktəb-ailə münasibətlərinin təkmilləşdirilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunması istiqamətində bir sıra tapşırıqlar nəzərdə tutulur. Eyni zamanda, bu kimi hallarla bağlı nazirliyə məlumatların operativ olaraq verilməsi, həmin məlumatların qısa zamanda araşdırılması və təhlillər əsasında qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə cari ilin may ayından 146-2 xüsusi (fövqəladə) hallar üçün yeni “Qaynar xətt”  xidməti fəaliyyətə başlayıb.

 

Bununla bağlı ölkənin bütün ümumi təhsil müəssisələrində məlumatlandırma xarakterli elan lövhələri yerləşdirilib.

 

Bir sözlə, “Mənimlə danış” uşaqlara onları narahat edən problemlərdən çıxış yolunu göstərəcək.  

 

İctimaiyyət arasında, sözün yaxşı mənasında, geniş rezonansa səbəb olan kampaniyanın  cəmiyyətə göndərdiyi mesaj nədir və bu,  hansı  müsbət nəticələrin  əldə olunmasına yardımçı olacaq? Paytaxtın bir neçə təhsil müəssisələrinin rəhbərləri, Təhsil Şurasının sədri, eləcə də  müəllimlərlə birgə məsələlərə aydınlıq gətirməyə çalışdıq.

 

“Mənimlə danış” təhsil müəssisələrinə, valideynlərə bir çağırışdır

 

Paytaxtdakı  Məmməd Rahim adına  7 nömrəli tam orta məktəbin direktoru Könül Həsənova Təhsil Nazirliyinin start verdiyi sosial kampaniyanı belə dəyərləndirir. Nazirliyin  xüsusi (fövqəladə) hallar üçün yaratdığı  “146-2 Qaynar xətt” inin isə şagirdlərin baş vermiş hansı bir xoşagəlməz hadisə ilə bağlı zəng edəcəyi ən yaddaqalan nömrə olduğunu söyləyir.  Direktor təhsilalanların   problemlə bağlı bu nömrəyə zəng vurmaq üçün öncə  onların  maarifləndirilməsi  məqsədi ilə görüşlərin təşkilinin nəzərdə tutulduğunu bildirir. Şagird bilməlidir ki, verdiyi hər bir məlumata görə məsuliyyət daşıyır. Hazırlanmış videoçarxı da məktəbin pedaqoji  kollektivi ilə bərabər izləyib və qoyulan problemləri sinif rəhbərləri ilə müzakirə ediblər. Çarxda dövrümüzün ən aktual problemlərindən biri- şiddətin  işıqlandırıldığını  söyləyən direktor  burada əsas məsələnin şiddətə məruz qalan və şiddət göstərən tərəflərin göstərilməsi olduğunu qeyd edir. Bildirir ki, bu məsələdə həm valideyn, həm də müəllim biganəliyi var. Belə uşaqların psixoloji durumları ilə bağlı onlarla iş aparmaq, problemlərini bölüşmək üçün şərait yaratmaq mütləqdir. Bu məsələdə  ailə faktorunun da vacibliyi nəzərə alınmalıdır. Könül Həsənovanın sözlərinə görə,  şagirdlərin aludə olduğu sosial şəbəkələr, döyüş oyunları, müəyyən televiziya verilişləri də, çox təəssüf ki, onları bəzən şiddətə sövq edir.

 

- Düşünürəm ki, bu gün uşaq və yeniyetmələrə  diqqət ayrılmadığını desək, yalan olar. Lakin bunu yetərincə edə bilirikmi?  Yeniyetməlik dövrü övladlarımızın ən çətin dövrüdür. Bu dövrdə biz onlarla daha ehtiyatla, nəvazişlə, qayğı ilə davranmalıyıq. Övladlarımızın etimadını qazanmalıyıq ki,  problemlərini, onları narahat edən məsələləri bizimlə bölüşə bilsinlər. Biz çalışmalıyıq ki, övladlarımızı başa düşək, onlara yetərincə vaxt ayıraq, asudə vaxtlarının düzgün təşkili üçün imkanlar yaradaq, onlarda özgüvən hissini artıraq.

 

Məktəbdə hər bir sinif rəhbəri şagirdini daha yaxından tanımalı və xarakterik xüsusiyyətlərinə bələd olmalıdır. Onlara fərdi yanaşmalı, şagirdlər arasındakı münasibətlərin tənzimlənməsində yardımçı olmalıdır.  Təbii ki, sinif rəhbəri ilə valideynlər  arasında sıx əlaqə qurulmalıdır. Məktəbdə təhsil alan hər bir şagirdimizin tərbiyəsinin əsası ailədə qoyulur. Şagirdə ailədə valideyn, məktəbdə isə müəllimləri tərəfindən nəzarət olmalıdır.

 

Təhsil müəssisəsində uşaq və yeniyetmələrlə bağlı işlərin görülməsi məktəb rəhbərliyinin,  sinif rəhbərləri və psixoloqun birgə fəaliyyətinə əsaslanır.  Bizim təhsil müəssisəsində də  mütəmadi olaraq  psixoloqun şagirdlərlə maarifləndirici görüşləri keçirilir, onlarla sorğu aparılır. Sorğunun nəticələri sinif rəhbərləri, psixoloq və mənim tərəfimdən müzakirə edilir. Hər hansı bir şagirddə aşkarlanan psixoloji problem, sarsıntı, gərginlik hallarının  birgə fəaliyyət nəticəsində aradan qaldırılmasına səy göstəririk. Bilirik ki, şagirddə yarana biləcək  problem onda özünəqapanmaya, depressiyaya düşməsinə gətirib çıxarar  ki,  bu da müəyyən fəsadlara yol aça bilər. Bunun əksi isə,  yəni, valideyn və müəllim biganəliyi, etinasızlığı  övladlarımızın həyatları  üçün təhlükə yaradır. Düşünürəm ki, problem aktuallaşmamış qarşısını almaq üçün, ilk nöbədə, onu yaradan səbəbləri müəyyənləşdirmək lazımdır.

 

Bilirsiniz ki, məktəbdə sağlam psixoloji mühitin formalaşmasında müəllim-şagird-valideyn əməkdaşlığının düzgün qurulması önəmli faktorlardan hesab edilir. Və məktəbdə sağlam mühit varsa, həmin  məktəbdə təlim-tərbiyə məsələləri də  yüksək səviyyədə  olacaqdır.

 

Mənim fikrimcə, Təhsil Nazirliyinin “Mənimlə danış” sosial kampaniyası məhz təhsil müəssisələrinin, valideynlərin, eyni zamanda bütövlükdə ictimaiyyətin diqqətini uşaqların problemlərinin həllinə cəlb etmək üçün  sanki bir çağırışdır.

 

Uşaqları dinləməyi bacarmalıyıq

 

Bakıdakı 60 nömrəli tam orta məktəbin direktoru Fayaz Hüseynov deyir ki,  şagirdləri anlamaq, başa düşmək üçün, ilk növbədə, onlarla düzgün, ədalətli, maraqlarını nəzərə alaraq, gərginlikdən uzaq xoş bir ünsiyyət qurmaq lazımdır. Onların dostluğunu və güvənini qazanmaqla daha müsbət yönümlü və düzgün istiqamətləndirici münasibət yaratmaq mümkündür. Münasibət nə qədər sıx və güvənli qurularsa, şagirdlər  müəllim və valideynləri ilə bir o qədər səmimi  münasibətdə olacaqlar. Onları başa düşmək, istəklərini nəzərə almaq, fikirlərini ətrafındakılarla  rahat bölüşmələrinə nail olmaqla, baş verə biləcək bir çox problemlərin, anlaşılmazlıqların qarşısını almaq olar.

 

 

- Biz məktəb olaraq buna  önəm verir və sinif rəhbərlərinin şagirdlərə  daha çox diqqət ayrılması məsələsini nəzarətdə saxlayırıq. Şagirdlərimizin özünü rahat və uyğun mühitdə hiss etmələri üçün əlimizdən gələni əsirgəmirik. Təhsil naziri Ceyhun Bayramovun dediyi “Hər bir şagirdimizi tanıyaq” fikri məktəbimiz üçün əsas prioritet istiqamətlərdən biridir. Məktəbimizdə təhsil alan  2300-ə yaxın şagirdin hər birini direktor olaraq özüm də tanımağa çalışıram. Bir çoxları ilə, xüsusən yuxarı sinif şagirdləri ilə tez-tez fərdi söhbətlər aparır, tövsiyələr verir və müxtəlif  layihələrə, tədbirlərə cəlb edirəm.

 

Əgər bir şagird evdə valideynlə, məktəbdə müəllimləri ilə fikirlərini bölüşmürsə, onu narahat edən problemlər haqqında danışmırsa, təbii ki, ilk növbədə, anlaşıla bilinməyəcəyini  düşündüyündəndir. Biganəlik, diqqətsizlik, sərt yanaşma uşaqları böyüklərdən uzaqlaşdıran, özlərinə qapandıran əsas faktorlardandır. Buna görə uşaqları anlamağa, düzgün yol göstərib, məsləhətlər verməkdə daha maraqlı olmalıyıq. Şagirdlərimizə hər birimiz üçün onların dəyərli olduğunu  hiss elətdirmək lazımdır.

 

Təhsil Nazirliyinin “Mənimlə danış” videoçarxı əslində uşağa qarşı olan laqeydliyin, biganəliyin doğurduğu acı fəsadı göstərir. 

 

Videoçarx ətrafdakılara vaxtında verilən SOS siqnalıdır ki, sosial durumumuzdan, statusumuzdan, cəmiyyətdə tutduğumuz mövqedən, ailə vəziyyətindən asılı olmayaraq uşaqlara qarşı daha həssaslıq nümayiş etdirməli, söylədikləri fikirlərə hörmətlə yanaşmalı,  onlarla münasibətləri düzgün qurmalı, ən əsası onları dinləməyi bacarmalıyıq.

 

Laqeydsizlik, diqqətsizlik və biganəlik  uşaqlarımızı uçuruma apara bilər

 

Bakıdakı  Samir Hacıyev adına 5 nömrəli tam orta məktəbin direktoru Nərminə Gündüzlünün sözlərinə görə, ilk növbədə valideynlər, sonra isə müəllimlər uşaqları özlərinə inandırmağı, onların problemlərinin içində olub, kömək əlini uzatmağı bacarmalıdırlar. Münasibəti elə qurmaq lazımdır ki, istər övlad və ya şagird olsun, onun böyüyə yaxınlaşıb, problemini söyləməkdə qorxusu olmasın. Bir dəfə böyüklərdən probleminin həllini görən uşaq  narahatçılıq keçirdiyi digər  məsələlərlə bağlı da onların məsləhətlərini eşitməkdə maraqlı olacaqdır. Xüsusilə valideynlər övladlarının psixoloji durumuna, sağlamlığına diqqət yetirməli, ən başlıcası isə övladı ilə dost və sirdaş olmağı bacarmalıdırlar.

 

- Bəzən uşaqlar onları narahat edən məsələlərlə bağlı danışmaq istəmirlər, özlərinə qapanırlar. Bunun bir günahı böyüdüyü ailənin üzərinə düşürsə, digər tərəfdən də onun təhsil aldığı məktəb də məsuliyyət daşıyır.  Hər hansı bir problem yaşayan və yaxud təzyiqə, şiddətə məruz qalan uşaqlar vaxtında aşkarlanmalı, onları narahat edən məsələlər müəllimin, eyni zamanda, valideynin iştirakı ilə həll olunmalıdır. Böyüklərin biganəliyi, səbəbsiz danlaqlar, təhqirlər, əhəmiyyətsizlik və düzgün qərarların verilməməsi gələcəkdə uşaqlarda ciddi fəsadlara gətirib çıxara bilər.

 

Əslində çəkilən videoçarxda şagirdin yaşadığı problem bir daha göz önünə gətirilir ki, hörmətli valideynlər, müəllimlər, ayıq- sayıq olun. Unutmayaq ki, laqeydsizlik, diqqətsizlik və biganəlik uşaqlarımızı dərin bir uçuruma apara bilər.

 

Videoçarx  bir şagirdin timsalında  onu əhatə edən insanların düzgün olmayan rəftarının nəticəsini göstərir

 

37 ildir ki, pedaqoji fəaliyyətlə məşğul olan Fəridə Məmmədova M.Rahim adına  7 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimidir. İbtidai təhsilin bünövrə olduğunu, şagirdlərin gələcək təhsil nailiyyətlərinin məhz bu bünövrənin necə qoyulmasından asılı olduğunu söyləyir. Təcrübəli müəllim deyir ki,  məktəbdəki tərbiyə işinin təşkili  də məhz ibtidai təhsil pilləsində qoyulur.

 

- Hər bir uşağı tanıyır, onun hansı fərdi xüsusiyyətlərə  malik olmasını yaxşı bilirəm. Valideynlərlə də hər gün ünsiyyətdə oluram. Bu baxımdan mənim şagirdlərimlə bağlı hər hansı bir problem yaranarsa, valideynlərlə birlikdə vaxtında onu həll etmək  imkanlarım var. 

 

İşlədiyim müddət ərzində psixoloji  problemi olan şagirdlərlə son on ildə rastlaşmışam. Bu problemlər əsasən ailədəki durumla bağlı olur. Problemi aradan qaldırmaq üçün müəyyən müddət şagirdi ələ almağa çalışır və bunun səbəbini  öyrənirəm. Bundan sonra valideynlə əlaqə  saxlayıram. Ailə münaqişələri, ata ilə ananın ayrılması uşaqların psixologiyasına,  xüsusilə kiçikyaşlı uşaqlara daha çox təsir  göstərir. Onlarda məyusluq, kobudluq, özünəqapanma kimi hallar müşahidə edilir. Onu da deyim ki, əvvəllər belə uşaqlara çox az sayda rast gəlirdimsə, indi bu, çoxluq təşkil  edir.

 

Bilirsiniz, apardığım müşahidələr onu deməyə əsas verir ki, son  dövrlərdə, bəzi ailələrdə uşaqlara diqqət kifayət qədər ayrılmır. Bunu  mən onların dərslərindəki nailiyyətlərindən, bir-birlərinə olan münasibətlərindən,  danışıq zamanı nitqlərində işlətdikləri ifadələrdən daha çox hiss edirəm. Valideynlə bu haqda söhbət apardıqda, məlum olur ki,  o,  vaxtını ancaq ailənin maddi durumunu   təmin etmək üçün işə sərf edir. Uşaqla  məşğul olmağa və yaxud nəzarət etməyə  vaxtı olmur. 

Uşaqlar nəzarətdən kənarda  qaldıqlarına  görə, öz maraqları dairəsində  əylənirlər. Məsələn, hazırda kiçikyaşlı  uşaqların diqqətini cəlb edən mobil qurğularda, planşetlərdə və kompüterlərdə olan  oyunlar və digər əyləncə və multimedia  proqramlarıdır. Nəzarətsiz qalan uşaqlar  bu  əyləncələrdən yaşlarına uyğun olmayan  məlumatlar  toplayır,  aqressiv oyunlar oynayırlar. Bu da onlarda erkən davranış  pozğunluqlarına gətirib çıxarır.

Belə uşaqlar  sinifdə davranışları ilə digərlərinə təsir  edir və pis örnək olurlar. Uşaqları başa  düşmək  və  anlamaq üçün valideyn və müəllim  birgə fəaliyyət göstərməlidir. Mənim  fikrimcə, valideynlər öz övladlarının düzgün  tərbiyə alması üçün onların  asudə vaxtlarını  düzgün təşkil etməlidirlər.

 

Təhsil Nazirliyinin həyata keçirdiyi bu sosial kampaniyanı bir müəllim olaraq müsbət qiymətləndirirəm.  Düşünürəm ki, biz müəllimlərin  izlədiyi videoçarx  bir şagirdin timsalında  onu əhatə edən insanların düzgün olmayan rəftarının nəticəsini göstərməklə yanaşı, gələcəkdə  bu kimi halların qarşısının alınmasında əhəmiyyətli rol oynayacaq.

 

Şagirdlərdə özünəinam hissi yaratmaq əsas şərtdir

 

Yeganə Hüseynova 60 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimidir. Əməkdar müəllimdir. Deyir ki, bu gün yeniyetmələrin həyat tərzi və onlara yönələn diqqət ən aktual mövzulardan biridir. Həm ailənin, həm məktəbin üzərinə çox ağır, eyni zamanda məsuliyyətli bir vəzifə düşür.

 

- Etiraf etmək lazımdır ki, bugünkü yeniyetmələr çox fərqli şəkildə yetişirlər. Onlar olduqca ağıllı, savadlı, əhatəli informasiyaya malikdirlər. Müsbət cəhət odur ki, intellektual səviyyə baxımından yeniyetmələrimiz çox irəlidədirlər, geniş informasiyaya malikdirlər, yaradıcıdırlar və s.

 

Hər bir yeniyetmənin həyatda öz yerini tapmasında ailənin müstəsna rolu var. Amma  məktəbin də rolu inkaredilməzdir. Məktəb  şagirdlərin ikinci evi sayılır. Bu mənada da hər bir şagirdə müəllimləri tərəfindən diqqət göstərilməli,  kollektivdə özlərini necə aparmaları, bir-birlərinə olan münasibətləri nəzarətdə saxlanılmalıdır. Məktəb cəmiyyət üçün yararlı vətəndaş yetirməlidir.

 

Uşağı başa düşmək üçün birinci növbədə  onunla dost olmaq lazımdır. Onun hər bir fikrini, arzusunu səbrlə dinləmək əsas şərtdir. Həm valideynlər, həm də müəllimlər onun istək və arzularını, psixoloji durumunu anlamalı və nəzərə almalıdır. Uşaqların  hər bir  fikrinə ciddi yanaşmalı, onları bir obyekt kimi yox, subyekt kimi qəbul etmək lazımdır. Şagirdlərdə özünə inam hissi yaratmaq əsas şərtdir. Valideynin və ya müəllimin ona dayaq ola biləcək hissini və inamını formalaşdırmaq  uşaqda dönüş nöqtəsi ola bilər. Onu anlayan birinin ən çətin vaxtda belə onun yanında  olması hissi, inamı uşaqları daha güvənli olmaqla yanaşı, düzgün qərar verməyə sövq edər.

 

Bu gün uşaqların öz problemini qismən deməsi və ya heç deməməsini cəmiyyətdəki xoşagəlməz proseslərlə əlaqələndirirəm. Çünki bu gün  cəmiyyətdə “basqı psixologiyası” daha çox formalaşıb. İşin səbəbini və mahiyyətini bilmədən fikir söyləyənlərin sayı durmadan artır. Buna görə də uşaqlar qınaq obyekti olmaq istəmirlər. İstər valideynlər, istərsə də müəllimlər arasında elələri var ki, onlarda dinləmə, analiz etmə bacarığı tam inkişaf etməyib. Bəzən baş verən hadisələrə, yaranan problemlərə biganəlik də uşaqların daxilindəki narahatçılıqla baş-başa qalmasına şərait yaradır. Bu isə uşaqların  özünə qapanmasına səbəb olan faktorlardan biridir. Bəzən isə tam əksinə. Yəni, uşaqların özləri düzgün seçim etmirlər. Qınaq  obyekti olmaq hissi onların susmasına səbəb olur. Belə hisslər onları digər uşaqlardan uzaqlaşmağa, özünəqapanmaya və nəticədə onların depressiyaya düşməsinə səbəb olur. Təcrübəmdən deyə  bilərəm ki, bu tip uşaqlar  kollektiv arasında da sevilmirlər, bəzən yoldaşları onlardan “qisas almaq”  haqqında düşünürlər. Çox təəssüf ki, bunun da acı nəticələri olur.

 

Son  vaxtlar sosial şəbəkələrdə tez-tez rastıma çıxan Təhsil Nazirliyinin “Mənimlə danış” kampaniyası çərçivəsində çəkilən sosial yönümlü  videoçarx haqqında onu deyə bilərəm ki, bu problemin həllinə doğru atılan düzgün bir addımdır. Erkən yaşlarından aldığı psixoloji travma haradasa bir ömrün yarımçıq qalmasına, parçalanmasına səbəb olur. Uşaqları qorumaq lazımdır, çünki onlar bizim gələcəyimizdir. Onların problemlərini, dərdlərini özümüzünküləşdirməliyik. Müəllimlər öz vəzifəsini təkcə elm öyrətməklə bitmiş hesab etməməlidirlər. Dərs dediyi hər bir uşağın ən kiçik dərdini belə duymalı, onun düşdüyü çətin vəziyyəti anlamalı, bu vəziyyətdən çıxış yolunu göstərməli  və problemi necə çözəcəyini  bilməlidir.

 

Uşağı anlamaq üçün onu tanımaq lazımdır

 

7 nömrəli tam orta məktəbin digər müəllimi Kifayət Qurbanova bu gün bullinqin (zorakılığın, şiddətin) qurbanı olan uşaq  və yeniyetmələrlə,  gənclərlə rastlaşdıqlarını  təəssüflə bildirir. Söyləyir ki, bu zorakılıq hallarının başvermə səbəbləri də müxtəlifdir. Biganəlik, laqeydlik, diqqətin, sevginin azlığı və yaxud da heç olmaması, aqressiv münasibət və sonda intihar.   Hazırda bütün dünyada belə bir problemin olduğunu deyir.

 

 

- İlk öncə, günahkar  ona həyat verib dünyaya gətirən, sonradan isə öz biganəliyi ucbatından övladını uçuruma sürükləyən valideyndir. Bu valideynləri mən 3 qrupa bölərdim: 1-ci qrup valideynlər övladlarında özünəqapanma görəndə çox aydın şəkildə öz mövqeyini büruzə verir: “Psixoloji durumdur, çox fikir etməyə dəyməz, uşaqdır, necə olsa, böyüyəcək. Mən, sən necə böyümüşük?..”. 2-ci qrup valideynlər isə dəridən - qabıqdan çıxıb bütün imkanlarından istifadə edərək, hətta  bəzən imkanlarının sərhədlərini aşaraq  uşaqlarının  arzu və istəklərini nəzərə almadan onları  “zamanın tələbinə uyğun”  böyüdənlərdir. Arzuolunmayan sonluqla rastlaşdıqda isə “biz əlimizdən gələni etdik” deyərək özlərini sığortalamağa çalışırlar. Amma valideyn bu zaman düşünmür  ki, uşağının fikrini sormadan onun  yerinə hər şeyi özü planlaşdırdı, həyata olan inamını öldürdü. Bir də 3 -cü qrup valideynlər var, hansı ki, onlar  uşağı ilə dostdur, övladı səhv edəndə təhqiri deyil, tənqidi seçir, o valideyn ki, sərbəstliyi anarxiya deyil, demokratiya kimi anlayır və anladır. Bir sözlə, övladına laqeyd deyil. Valideyn övladının tərbiyəsinin təməlini dürüstlük, ləyaqət, nəzakət  və bu kimi digər insanlığın təzahürü olan daşlarla hörməlidir.

 

Məktəbdə müəllimlərin uşaqların psixoloji durumları ilə maraqlanması da birmənalı deyil. Uşağı anlamaq üçün,onu mühakimə etmək əvəzinə, ilk növbədə dinləməyi seçmək, empati qurmaq və ən əsası onu tanımaq lazımdır.

 

Uşaqların onları narahat edən problemlərlə bağlı danışmaq istəməmələrinə bir neçə səbəb göstərmək olar. Fikrimcə, ən qüvvətlisi qorxu hissidir. Qorxuya təkan verən, onu yaradan isə özgüvənin yoxluğudur. Əgər uşaqda özünəinam olsa, bu qorxuların hamısına özü cavab verə bilər. Özgüvəni ailədə valideyn yaradır. Valideyn övladına inanmalıdır ki, o da özünə inansın. Özünə güvənən uşaq qorxularını yenərək problemlərinin üzərinə gedər, bunun həlli yolunu doğru insanla bölüşməkdən qorxmaz. Uşaqlara qulaq asmaq, dərdini bölüşməyi öyrətmək lazımdır.

 

Təhsil Nazirliyinin təşəbbüsü ilə belə bir kampaniyanın  başlanılması təqdirəlayiqdir.  “Mənimlə danış” videoçarxı  artıq  çoxlarını yerindən “tərpətdi”, bir növ “silkələdi”. Bu yolla bir  çox yeniyetməmizi  cəsarətli olmağa , hər bir halda kömək istəməyə yönəltmək olar. Zorakılığa məruz qalan yeniyetmə öz hüquqlarını, kimə müraciət edə biləcəyini bilməlidir, dərdini böyüklərlə bölüşməlidir, bundan qorxmamalı, utanmamalıdır. “Mənimlə danış” videoçarxı  təkcə yeniyetmələrə deyil, eyni zamanda ailələrə və valideynlərə tək bir cümlə ilə bu mesajı ötürür: “Mənim varlığımın fərqinə var, məni dinlə, mənimlə danış...”.

 

Yeni sosial kampaniya təqdirəlayiqdir

 

Məsələyə münasibət bildirən Təhsil Şurasının sədri, pedaqogika üzrə elmlər doktoru, professor Hikmət Əlizadə müasir dövrdə ailədə demoqrafik proseslərin təsiri nəticəsində özünəməxsus ailədaxili münasibətlər formalaşdığını qeyd edir.

 

- Bu məsələni izah edək: XX əsrin I yarısında ölkəmizdə miqrasiya proseslərinin sürətlə artması nəticəsində əhalinin böyük əksəriyyəti kənd həyat tərzindən şəhər  həyat tərzinə keçid etdi. Kənd həyat tərzində mürəkkəb ailə tipi dominant idi, şəhər həyat tərzi üçün nuklear ailələr (ata, ana və uşaqlar) daha xarakterik oldu. Mürəkkəb ailə tipində çoxuşaqlılıq birmənalı şəkildə üstünlük kəsb edirdisə, nuklear ailədə uşaqların sayı sürətlə azaldı. Çoxuşaqlı mürəkkəb ailə tipində ailədaxili münasibətlər, obrazlı desək, çiçəkləndiyi halda, əksər 1-2 uşaqlı nuklear ailə tipində yox olmağa başladı. Ailədə valideynlərin hər ikisinin istehsalatda işlədiyini, telefonların çoxalmasını, insanların internetdən (votsap, feysbuk, instaqram və s.) istifadə etməsini nəzərə alsaq, ailədə ünsiyyətin nə qədər azaldığını müşahidə edə bilərik. Ünsiyyətin uşağın inkişafı baxımından son dərəcə önəmli olduğunu düşünsək, bu meylin təhlükəsini təsəvvür etmək çətin deyil. Valideynlərin böyük əksəriyyəti bunu görmür, gördükdə isə ailədaxili ünsiyyətin formalaşması üçün zəruri tədbirləri həyata keçirməkdə aciz qalırlar. Belə olan  halda məktəbdə müəllimlər uşaqların ünsiyyət tələbatının təmin olunması üçün zəruri pedaqoji işlər görməlidirlər. Uşaq psixologiyasına yaxşı bələd olan müəllimlər məhz belə də edirlər. Lakin təəssüf hissilə qeyd edək ki, hələ də bəzi müəllimlər  öz vəzifəsini yalnız fənni tədris etməklə bitdiyini düşünürlər. Nəticədə həm evdə, həm də məktəbdə uşaq və yeniyetmələrin ünsiyyət tələbatının ödənməsi xaotik xarakter daşıyır.

 

Şagirdlərini yaxından tanımaq müəllim və sinif rəhbərlərinin birinci dərəcəli vəzifəsidir. Uşaq və yeniyetməyə qayğı ilə yanaşılmalıdır. Müasir dövrdə onların qayğıya xüsusi ehtiyacı var. İstər valideynlər, istərsə də müəllimlər uşaqların hiss və həyəcanları ilə tanış olmalı, onlara qarşılarına çıxan problemləri həll etməyin yolunu göstərməlidirlər. Lakin bunu uşaqla əməkdaşlıq müstəvisində həyata keçirməlidirlər.

 

Psixoloqlar qeyd edirlər ki, yeni dövrün mədəniyyəti monoloji mədəniyyət idi, bir səsin-ağlın mədəniyyəti idi. Ağlı isə evdə valideyn, sinifdə müəllim təmsil edirdi. Valideyn və müəllimin dominantlığı onların hər şeyi bilməsi ilə xarakterizə olunurdu. Müasir dövrün mədəniyyəti isə dialoji mədəniyyətdir. Dialoq subyektlərin dialektik rabitəsidir. Əgər tarixə nəzər salsaq, görərik ki, 80-ci illərə qədər həm valideynlər, həm də müəllimlər uşaqlarla asanlıqla “dil” tapa bilirdilər. Həmin dövrdə insan münasibətlərində avtoritar metodlar (monoloji mədəniyyətin metodları) dominant idi. Valideynlər və müəllimlər bu metodları yaxşı əxz etmişdilər. Müasir dövr üçün isə əməkdaşlıq metodları (dialoji mədəniyyətin metodları) daha effektivdir. Təbii ki, valideyn və müəllimlər bu metodları əxz etməyibsə, onların uşaqlarla ünsiyyətində problemləri hər gün artır və artmaqda davam edəcəkdir.

 

Dünya sürətlə dəyişir. Biz də dəyişməliyik. Əslində dəyişirik də... Geyimimiz dəyişir, həyat tərzimiz dəyişir, evimizin təmiri dəyişir... Dəyişməyən bir şeydir: İnsan münasibətlərinə yanaşma tərzimiz. Bizim hər birimiz elə düşünürük ki, hamıdan ağıllıyıq. Atalar nə vaxtsa bizə deyib: “Bir baş ağıllıdır, iki baş ondan da ağıllıdır”. Uzun illər ola bilər ki, bu atalar sözünün mahiyyətinə varmamışıq. Bəlkə zaman da bunu bizdən tələb etməyib. Amma indi zaman dəyişib. İstəsək də, istəməsək də dialoji mədəniyyətin tələblərinə uyğunlaşmalıyıq, bu tələblərə müvafiq metodları nəinki əxz etməliyik, hər bir addımımızda onlardan istifadə etməliyik, xüsusilə  uşaq və yeniyetmə ilə münasibətimizdə də. Biz qarşımızdakı şagirdi şəxsiyyət kimi qiymətləndirib, onun hiss və həyəcanlarına diqqət və qayğı ilə yanaşmalıyıq, onun səhv düşüncələrini isə yalnız dialoq və diskussiya vasitəsi ilə dəyişə bilərik. Hazırda  yaşadığımız dövr bunu bizdən tələb edir.

 

Düşünürəm ki, Təhsil Nazirliyinin başladığı bu yeni sosial kampaniya olduqca təqdirəlayiqdir. Hazırlanmış videoçarx bir məktəblinin harayını və günümüzün reallığını özündə əks etdirir. Videoçarx bu reallığı çılpaqlığı ilə əks etdirir və insanlara hayqırır: “Gəlin uşaqlarımıza qarşı  diqqətli olaq”. Bu gün bu çağırış öz bəhrəsini verə bilər, sabahsa... gec ola bilər. Gəlin sabahı gözləməyək, qayğı və diqqətimizi bu gündən başlayaraq çoxaldaq. Bütövlükdə, yaşımızdan asılı olmayaraq, bir-birimizə də diqqət və qayğını artıraq.

 

Lap əvvəllər olduğu kimi...

 

Samirə KƏRİMOVA



Bölmənin digər xəbərləri