Elektron dərslik portalında 39 dərslik yenilənib


Təhsil sisteminin informasiyalaşdırılması, təhsilalanların İKT resursları ilə təmin olunması məqsədilə Təhsil Nazirliyi tərəfindən 2014-cü ildə yaradılan elektron dərslik portalı günü-gündən təkmilləşir. Yeni çapdan çıxan dərsliklər elektron portalda yerləşdirilir. Qeyd edək ki, portalda elektron dərsliklərlə yanaşı, metodik vəsaitlərə, sinifdənxaric oxu materiallarına da rast gəlinir.  Portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklər şagirdlərdə xüsusi maraq yaradır.

 

2014-cü ildən fəaliyyət göstərən www.e-derslik.edu.az portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, həmçinin məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə bilirlər. İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da, öz növbəsində, təhsilalanların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradır.

 

Artıq Azərbaycan və rus bölmələri üzrə portalda mövcud olan 2-ci sinif dərsliklərinin hamısı və hər iki bölmə üzrə 3-cü sinif dərsliklərindən 12-si, 4-cü sinif dərsliklərindən 8-i və 8-ci sinif dərsliklərindən 4-ü olmaqla, ümumilikdə 39 dərslik yeniləri ilə əvəzlənib. Xatırladaq ki, 3, 4 və 8-ci siniflərə aid növbəti 40 dərsliyin yenilənməsi işləri davam etdirilir.

 

Hazırda portalda 233 elektron dərslik, 22 metodik vəsait və 2 sinifdənxaric oxu materialı olmaqla ümumilikdə 257 elektron vəsait mövcuddur. Portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı 28-ə çatdırılıb.

 

Zənginləşdirmə məqsədi ilə portaldakı dərsliklərə ümumilikdə 55 ədəd mövzu ilə əlaqəli, yüksək keyfiyyətli, animasiyalı videodərs, mövzulara uyğun 176 videomaterial, 594 şəkil, 302 səsli və 163 digər növdən materiallar əlavə edilmişdir.

 

Ötən tədris ilində portala 5, 6, 7, 8, 9, 10 və 11-ci sinif ingilis dili dərsliklərinə dinləyib-anlama səsli materialları, 5 dərsliyə isə (Azərbaycan tarixi 5, 6, 8 və 9-cu sinif, ədəbiyyat 6-cı sinif) bütün kitabı əhatə edən səsli dərslik əlavə edilmişdir.

 

Portal reytinq cədvəlində 85 pillə yüksəlib

 

Qeyd edək ki, www.e-derslik.edu.az elektron dərslik portalı cari tədris ilinin əvvəlindən bu günədək ölkə üzrə saytların reytinq cədvəlində 85 pillə yüksələrək 46-cı olub. Bu müddət ərzində portala giriş sayı 559849, səhifələrə ümumi baxış sayı isə 4149329-a çatıb. Ötən ilin müvafiq dövründə isə portala giriş sayı 355356, səhifələrə ümumi baxış sayı isə 2441079 olub.

 

Oktyabr ayı ərzində portala gündəlik ortalama giriş sayı 12500 təşkil edib. Bu dövr ərzində portala ən çox müraciət edən ilk 10 ölkə Azərbaycan, Rusiya, ABŞ, Türkiyə, Gürcüstan, Almaniya, Özbəkistan, Ukrayna, Qazaxıstan və İngiltərə olmuşdur.

 

Portalda ən çox müraciət edilən 10 dərslik isə ardıcıl olaraq  riyaziyyat (6-cı sinif), ingilis dili (5-ci sinif), ingilis dili (7-ci sinif), riyaziyyat (7-ci sinif) və fizika (7-ci sinif), coğrafiya (6-cı sinif), ədəbiyyat (5-ci sinif), Azərbaycan tarixi (5-ci sinif), ədəbiyyat (10-cu sinif) və ingilis dili (6-cı sinif) olub.

 

Xatırladaq ki, cari ilin ilk 10 ayı ərzində e-derslik portalına giriş sayı 2089376, səhifələrə ümumi baxış sayı isə 17136454 olub. 2018-ci ildə isə bu rəqəmlər müvafiq olaraq 1262754 və 9650514 təşkil edib.

 

İstifadəyə verildiyi 5 ilə yaxın müddət ərzində portala 2036661 istifadəçi tərəfindən 5556932 giriş edilib. Səhifələrə ümumi baxış sayı isə 42685972 olub.

 

Zənginləşdirmə məqsədi ilə dərsliklərə materiallar əlavə edilib

 

Şagirdlərin dərsi daha həvəslə, maraqla hazırlaması məqsədilə elektron dərsliklərə əlavə materiallar yerləşdirilib. Buna misal olaraq demək olar ki, ingilis dili-5-də 26 bölmə üzrə mp3 formatda dinləyib anlama materialları və sualları yerləşdirilib, Azərbaycan tarixi - 5-də isə dərslik tam səsləndirilib. Bundan başqa 5-ci sinif musiqi dərsliyi isə audio, video  və əlavə şəkillərlə zənginləşdirilib. 17 ədəd video, 108 ədəd səsli material və 60 ədəd şəkil əlavə edilib. 6, 7, 8, 9, 10, 11-ci siniflər üzrə bir çox dərsliklər tam səsləndirlib, həmin dərsliklərə xeyli sayda video, audio materiallar əlavə olunub.

 

Məktəblilər elektron dərsliklərdən razılıqlarını bildirir

 

Bakı şəhəri 252 nömrəli məktəbin 5-ci sinif şagirdi Sayat Salmanova bizimlə söhbətində bildirib ki, elektron dərslik portalından çox istifadə edir. O, bu vasitə ilə dərsi daha asan qavradığını deyir: “5-ci sinif şagirdiyəm. İlk dəfə ötən il belə bir portalın olduğunu eşitdim. Həftəsonu olduğu üçün rayona babamgilə getmişdik. Dərslikləri özümlə aparmağı unutmuşdum. Açığı, dərsə necə hazırlaşacağımın fikrini edirdim. Müəllim işləyən əmim mənə belə bir portalın olduğunu dedi. Onun köməyi ilə mən həmin portala daxil oldum və dərslərimi rahat bir şəkildə hazırladım. Bu, mənim çox xoşuma gəldi və həmin vaxtdan dərslərimi, demək olar ki, portal vasitəsi ilə hazırlayıram”.

 

Bərdə məktəblilərindən Selcan Seyidzadə də portaldan istifadə etdiyini deyir. O, videomateriallarla dərsi daha asan şəkildə öyrəndiyini bildirir: “Video dərsləri çox sevirəm. Onlarla dərs hazırlamaq çox əyləncəlidir. Kitablardan da istifadə edirəm. Lakin daha çox elektron dərsliklərə üstünlük verirəm. Elektron dərsliklərdən istifadə edə-edə həm də kompüteri öyrənmişəm”. Selcan sinif yoldaşlarına da bu portaldan istifadə etmək qaydalarını öyrətdiyini sözlərinə əlavə edib.

 

Niyazi RƏHİMOV