Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

 

UNEC-in rektoru, professor Ədalət Muradov universitetin fəaliyyət istiqamətlərində regional universitetlərlə əməkdaşlığın prioritet olaraq müəyyənləşdirildiyini qeyd edib. UNEC-in Lənkəran Dövlət Universiteti ( LDU) və Gəncə Dövlət Universiteti ilə əməkdaşlıq etdiyini deyən rektor, LDU ilə ikili diplom proqramı barədə razılaşmanın əldə olunduğunu vurğulayıb. O, UNEC-in regional universitetlərlə əməkdaşlıqda dünya praktikasında qəbul olunan yeni yanaşma ilə çıxış etdiyini, ikili diplom proqramının bu əməkdaşlığın əsas hədəfi olduğunu bildirib. UNEC ilə MDU arasında əməkdaşlığın uğurlu olacağını bildirən professor Ə.Muradov bu ali təhsil müəssisəsinin ölkənin təhsil sistemində və regional universitetlər arasında qısa müddətdə qabaqcıl universitetə çevriləcəyindən əminliyini ifadə edib.

 

Mingəçevir Dövlət Universitetinin rektoru, dosent Şahin Bayramov əsas hədəfin MDU-nu paytaxt səviyyəli universitetə çevirmək olduğunu qeyd edib. O, MDU-dakı kadr hazırlığı istiqamətləri və mövcud ixtisaslar barədə məlumat verərək, tədrisin keyfiyyətinin artırılması, elmi fəaliyyətin səmərəliliyinin yüksəldilməsi və universitet idarəçiliyində innovativ metodların tətbiq edilməsi istiqamətində islahatların aparıldığını bildirib. Dünya səviyyəli universitet olmaq yolunda sürətlə irəliləyən UNEC-lə əməkdaşlığın MDU üçün mühüm faydalar verəcəyinə əminliyini bildirən Ş.Bayramov regional tərəfdaş kimi hərtərəfli qarşılıqlı əməkdaşlığın reallaşdırılması üçün bütün imkanlardan istifadə ediləcəyini bildirib.

 

Sonra hər iki rektor tərəfindən əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə  universitetlər arasında tələbə-müəllim mübadiləsi, MDU-nun müəllimlərinin UNEC-in Qış məktəbində iştirakı, MDU tələbələrinin bir semestrlik UNEC-də təhsil alması, birgə elmi-tədqiqatların aparılması və digər məsələlər nəzərdə tutulub.