Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru  Nazim Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Görüşün məqsədi təhsil və elm sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, hər iki təhsil müəssisəsi, həmçinin onların elmi-pedaqoji kollektivləri arasında sıx əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılmasıdır.

 

E.Qasımov ali məktəbin yaranma tarixi, fəaliyyəti, əldə etdiyi uğurlar, tədris prosesi, yeniliklər barədə məlumat verib, yüksəkixtisaslı ingilisdilli mühəndis kadrların hazırlandığını, tələbələrin nüfuzlu yerli və transmilli şirkətlərdə istehsalat təcrübəsi keçdiyini, məzunların hər birinin işlə təmin olunduğunu diqqətə çatdırıb.

 

Polis Akademiyasının rəisi Nazim Əliyev akademiyanın tarixi, fəaliyyəti, strukturu və xidmətləri haqqında ətraflı məlumat verib. BANM ilə Polis Akademiyası arasında əlaqələrin zəruriliyindən danışan rəis Azərbaycan vətəndaşına və dövlətinə xidmət edən mütəxəssislərin informasiya təhlükəsizliyi sahəsində biliklərinin artırılmasının vacib olduğunu deyib. 

 

N.Əliyev bildirib ki, Polis Akademiyasında “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə əyani təhsilə kursantların qəbulu həyata keçirilir.

 

Sonda təcrübə mübadiləsi, məqsədyönlü işçi əməkdaşlıq proqramları ilə nəzərdə tutulan elmi-pedaqoji qrupların və tələbələrin mübadiləsi, tədris fənnlərinin proqramları, iş planları və təlim-tədris texnologiyaları, qarşılıqlı maraq kəsb edən digər məsələlər üzrə əlaqələrin intensivləşdirilməsi qərara alınıb.