Azərbaycanın tanınmış söz ustası, nəğməkar şair Vahid Əzizlə Sabunçu Rayon Gənclər Evində görüş keçirilib. Bakı Dövlət Sosial-İqtisadi Kollecinin təşkilatçılığı ilə baş tutan görüşdə kollecin müəllim və tələbələri, Sabunçu rayonunda yerləşən məktəblərin müəllim və şagirdləri iştirak ediblər.

 

Tədbiri  açan  Bakı Dövlət Sosial-İqtisadi Kollecinin direktoru, pedaqoji elmlər doktoru Vidadi Orucov Vahid Əziz poeziyasının özəlliyindən və gözəlliyindən danışıb, şairin yaradıcılığının bir sıra maraqlı tərəflərini diqqətə çatdırıb. 

 

Kollec tələbələrindən X.Abdullayeva və F.Zeynallının bələdçilik etdiyi Vahid Əzizin söz dünyası şeirdən hörülmüş, musiqidən bəzədilmiş ətirli gül çələngini xatırladıb. Vahid Əzizin uca Tanrıya, Vətənə, onun bayrağına, əzəli və əbədi mövzu olan məhəbbətə həsr olunmuş şeirləri kollec tələbələrinin ifasında böyük zövqlə səsləndirilib.

 

Azərbaycan Milli Konservatoriyası nəzdində  Musiqi Kollecinin tələbələrinin şairin sözlərinə yazılmış mahnıları, xalq musiqisi incilərini məharətlə ifa etmələri görüşə xüsusi ovqat bəxş edib. Sabunçu Rayon Gənclər Evinin direktoru Rəvanə Həşimovanın, Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımovun, Bakı Qida Sənayesi Kollecinin direktoru, fəlsəfə üzrə elmlər doktoru Vilayət İsmayılovun və Bakı Dövlət Sosial-İqtisadi Kollecinin müəllimi Rəfiqə Qurbanovanın Vahid Əziz yaradıcılığına maraqlı yanaşma tərzi, söylədikləri fikir və mülahizələr böyük diqqətlə qarşılanıb.

 

Görüşün sonunda Vahid Əziz sevilən şeirlərini oxuyub, oxucuları maraqlandıran suallara cavab verib.