Bu texnologiyalardan istifadə hər bir öyrənənə öz individual təhsil və təlim proqramını seçməyə imkan verəcək


AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ)  növbəti elmi seminar keçirilib. Seminarda institutun 10 saylı şöbəsinin əməkdaşı Cəmilə Bağırova “Adaptiv texnologiyaların elektron təhsildə tətbiqi məsələləri” mövzusunda  məruzə edib.

 

İTİ-dən verilən məlumata görə, C.Bağırova elektron tədris mühitində adaptiv texnologiyaların tətbiqi, tədris materiallarının ötürülməsi ardıcıllığı, həll olunan məsələlərin mürəkkəblik səviyyəsini təyin edən adaptiv texnologiyalar istiqamətində aparılan araşdırmaların nəticələri haqqında məlumat verib.

 

Hazırda elektron təhsilin sürətlə inkişaf etdiyini vurğulayan məruzəçi  elektron təhsildə adaptiv texnologiyalardan istifadənin hər bir öyrənənə öz individual təhsil və təlim proqramını seçməyə imkan verəcəyini qeyd  edib.

 

C.Bağırova bildirib ki, bu gün elektron təhsil sistemində tətbiq olunan proqram komplekslərinin əksəriyyəti adaptiv deyil və tələblərə tam cavab vermir. Adaptiv və intellektual texnologiyalar elektron təhsil sisteminin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldəcək.

 

Həmçinin bu texnologiyaların tətbiqi pedaqoqlara tələbənin fəaliyyətini izləməyə, fərdi tədris planlarına mütəmadi olaraq dəyişikliklər etməyə, öyrənənin fərdi xüsusiyyətlərini nəzərə alaraq dərs saatlarını bölüşdürməyə, rast gəlinən problemləri vaxtında aşkar edərək onları həll etməyə imkan verəcək.

 

Məruzəçi elektron təhsil resurslarının elektron dərslik, öyrədici və təlimin nəticələrinə nəzarət edən proqramlar kimi növləri olduğunu deyib. O, habelə adaptiv texnologiyaların istifadəsi ilə tədris materiallarının əldə olunması üçün metod və alqoritmlərin tədqiq olunacağını da diqqətə çatdırıb.

 

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.                      

 

Yusif ƏLİYEV