AMEA Qafqazşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilib. Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı açıb. Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

M.Qasımlı müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır, o, ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanın tərəqqisinə xüsusi diqqət verib. Məhz Heydər Əliyevin rəhbərliyi altında siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq ideologiyasının bərqərar olması nəticəsində bu gün Azərbaycan yüksək səviyyədə inkişaf edən bir ölkəyə çevrilib.

 

“Dəyirmi masa”da ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev, gürcüstanşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Vahid Ömərov, Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ramilə Dadaşova, gürcüstanşünaslıq şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə, ermənişünaslıq şöbəsinin əməkdaşı Aydın Eyvazov və digərləri çıxış ediblər.