Noyabrın 18-də Təhsil Nazirliyində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması  üzrə Dövlət Proqramı  çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair Qaydalarla bağlı mətbuat konfransı keçirilib.

 

Mətbuat konfransında bildirilib ki, Nazirlər Kabineti tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim Qaydaları” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları” təsdiq edilib.

 

Məlumat verilib ki, sözügedən Dövlət Proqramı milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini nəzərdə tutur. Məqsəd yerli ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsidir. Bu məqsədlə  Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətlərinə uyğun olaraq yerli ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək.

 

Qeyd olunub ki, xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının Times Higher Education (THE) World University Rankings”, “Academic Ranking of World Universities (Shanghai)” reytinq siyahılarında ilk 500-də yer alan nüfuzlu ali təhsil müəssisələrində doktorantura təhsilinin maliyyələşdirilməsi, yerli ali təhsil müəssisələri ilə bağlanacaq üçtərəfli müqavilə nəticəsində Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil almış məzunların akademik və ya inzibati olaraq işlə təminatı, həmçinin Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura səviyyəsində təhsil almış şəxslərin əldə etdikləri beynəlxalq təcrübənin Azərbaycanda elmi-pedaqoji sahədə tətbiqi, ölkənin əmək bazarının tələbatı əsasında müəyyən olunmuş peşə və ixtisaslar üzrə yüksək tədqiqat bacarıqlarına malik kadr potensialının formalaşdırılmasına nail olunması və yerli ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması nəzərdə tutulur.

 

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, 2020-ci ilin yaz semestri üçün sözügedən Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili üçün 18 noyabr 2019-cu il tarixində müvafiq elan verilib.

 

Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.