Gəncə Dövlət Universitetində (GDU)  Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi  tərəfindən mədəniyyət sahəsində çalışan əməkdaşlar və tələbələr arasında könüllülük fəaliyyətinin təşviqi, səmərəliliyin artırılması, müxtəlif sahə potensiallarının səfərbər olunması və müəssisələrarası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi ilə “Nəsimi-650”  mövzusunda intellektual oyun təşkil olunub.

 

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva ölkəmizdə könüllülük fəaliyyətinin gənclər arasında qısa müddətdə böyük bir hərəkata çevrilməsi faktını yüksək dəyərləndirib.

 

Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin nümayəndələri Azərbaycan dövlətinin milli maraqları naminə universitet tələbələrinin, o cümlədən digər fəal gənclərin könüllülük hərəkatına qoşulacağına və ümumi işə töhfə verəcəklərinə əmin olduqlarını bildiriblər. Dövlətin idarə olunmasında gənclərin və könüllülük təsisatlarının rolundan, eləcə də tarixən aparıcı qüvvəyə malik gənclərin səmərəli fəaliyyətindən danışıblar. Könüllülük fəaliyyətinin mənəvi üstünlükləri, hər bir fərdin bilik və bacarıqlarının peşəkarlıq və peşə etikasının formalaşmasında könüllülük amilinin əhəmiyyətindən bəhs ediblər.

 

Sonra gənc mədəniyyət işçiləri və tələbələr arasında “Nəsimi-650” mövzusunda intellektual oyun təşkil olunub.

 

İntellektual oyunun məqsədi gənc mədəniyyət işçilərinin və tələbələrin hazırlıq səviyyəsinin artırılması, onlar arasında koordinasiyanı gücləndirmək və intellektual turnirlərdə iştirak səriştələrini formalasdırmaq, cəld və analitik düşünmə bacarığını inkişaf etdirmək,  gənclər arasında yoldaşlıq münasibələri və komanda ruhunun yaradılmasıdır.

 

Qeyd edək ki, bu intelektual yarışda GDU-nun tələbələrindən ibarət könüllülər komandası II yerə layiq görülüb.