AMEA Naxçıvan Bölməsinin Аrхeоlоgiyа və Etnоqrаfiyа muzeyində Naxçıvan Dövlət Universitetinin  (NDU) Tarix ixtisasının II kurs tələbələrinə açıq dərs keçirilib.

 

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərli bildirib ki, AMEA Naxçıvan Bölməsi fəaliyyətə başladığı vaxtdan daim muxtar respublikadakı ali təhsil müəssisələri ilə sıx əlaqə saxlayıb. Onun sözlərinə görə, institutda tələbələrin tədqiqatçılarla əməkdaşlıq etməsinə, onların təcrübə və fikirlərindən yararlanmalarına hər cür şərait yaradılıb.

 

Bölmənin Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilov deyib ki, Naxçıvanın əlverişli təbii-coğrafi şəraiti qədim insanların burada məskunlaşması üçün xüsusi önəm daşıyıb və nəticədə bölgədə 5000 illik tarixə malik şəhər mədəniyyəti formalaşıb.  Qeyd olunub ki, bu faktlar  bölgədə aparılan arxeoloji qazıntıların nəticəsində öyrənilib:”XIX əsrin sonlarında təsadüf nəticəsində aşkarlanan Qızılburun yaşayış yeri Naxçıvan ərazisindəki arxeoloji ekspedisiyaların təməli olub. Xüsusilə, ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtmasından sonra bu sahəyə diqqət artırılıb. Göstərilən bu diqqət və qayğının nəticəsidir ki, ötən dövr ərzində Naxçıvan ərazisində çoxlu sayda arxeoloji ekspedisiyalar aparılıb. Hazırda  AMEA Naxçıvan Bölməsinin Аrхeоlоgiyа və Etnоqrаfiyа muzeyində sərgilənən eksponatlar məhz həmin arxeoloji qazıntılar nəticəsində aşkarlanıb”.

 

Şərur rayonu ərazisində yerləşən Qazma yaşayış yerində aparılan tədqiqatları diqqətə çatdıran alim bildirib ki, əcdadlarımızın Naxçıvan ərazisində hələ qədim daş dövründən məskunlaşdığı sübut olunub.  

 

Dərs zamanı Naxçıvanda  yerli və xarici tədqiqatçıların iştirakı ilə aparılan arxeoloji ekspedisiyalar nəticəsində tarix elminə gətirilən yeni elmi faktlar tələbələrin diqqətinə çatdırılıb.