Yeni Azərbaycan Partiyasının (YAP ) yaradılmasının 27-ci ildönümü ilə bağlı ali məktəblərdə tədbirlər başlayıb.  

 

Cəmiyyətin dəstəyini qazanan partiya

 

Naxçıvan Dövlət Universitetindəki tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov 1992-ci ildə əsası ümummilli lider Heydər Əliyev  tərəfindən qoyulan partiyanın yaranma zərurətindən, keçdiyi inkişaf yolundan danışıb. Onun sözlərinə görə YAP çox qısa müddətdən sonra Azərbaycanda hakimiyyət partiyasına çevrilib və o zamandan da məhz xalqımızın rifahı, dövlətimizin inkişafı naminə geniş fəaliyyəti ilə cəmiyyətin hər bir təbəqəsinin möhkəm dəstəyini qazanıb.

 

Yeni Azərbaycan Partiyası universitet ərazi ilk təşkilatının sədri, riyaziyyat üzrə fəlsəfə doktoru Asəf Əliyev qeyd edib ki, universitetin müəllim-professor və tələbə kollektivinin ictimai-siyasi cəhətdən fəal hissəsi tam şəkildə Yeni Azərbaycan Partiyasının sıralarında, partiyanın universitet şəhərciyi ərazi ilk təşkilatında birləşib. Universitet ərazi ilk təşkilatı üzvlərinin 196 nəfərini müəllimlər, 35 nəfərini tədrisə köməkçi heyət, 2072 nəfərini isə tələbələr təşkil edir. Diqqətə çatdırılıb ki, ölkəmizdə gəncliyə göstərilən yüksək dövlət qayğısının nəticəsi olaraq ərazi partiya təşkilatının 91 faizini gənclər təşkil edir.

           

...

 

60 tələbəyə  üzvlük vəsiqəsi təqdim olunub

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  YAP ilk təşkilatının sədri, dosent Tamilla Naibova partiyanın Azərbaycanın son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmasından, ulu öndər Heydər Əliyevin partiyada və dövlət idarəçiliyindəki xidmətlərindən danışıb.

 

Tədbirdə partiyaya yeni üzv olmuş 60 tələbəyə üzvlük vəsiqələri təqdim edilib.  

 

...

 

Güclü siyasi xadim

 

Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva deyib ki, YAP-ın yaranması tarixi zərurət idi:” Azərbaycanın ötən əsrin 80-ci illərin  sonlarında, 90-cı illərin əvvəllərində düşdüyü mürəkkəb, böhranlı və faciəli vəziyyətinə  dözə bilməyən 91 nəfər vətənpərvər ziyalı 1992-ci il oktyabr ayının 16-da “Səs” qəzeti vasitəsilə ulu öndər Heydər Əliyevə müraciət edərək, ölkəmizi bu böhranlı vəziyyətdən çıxarmağı xahiş etdilər”.

 

Rektor həmin prosesin xronologiyasını təqdim edib və Heydər Əliyevi  Azərbaycanı parçalanmaq, separatçılıq, vətəndaş müharibəsi, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas edən güclü siyasi xadim adlandırıb.

 

...

 

“Ulu öndər ictimai-siyasi sabitliyi təmin etdi”

 

 

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Yeni Azərbaycan Partiyasının ulu öndər Heydər Əliyev tərəfindən necə çətin bir zamanda yaradıldığını və bununla da Azərbaycan tarixində mühüm bir addımın atıldığını vurğulayıb. Həmin dövrün ictimai-siyasi xarakterini təhlil edən rektor  deyib ki, Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.

 

 

ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov bildirib ki, Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amil olub.

 

“YAP-ın əldə etdiyi qələbələr Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır. Ulu öndər ölkədə ictimai-siyasi sabitliyi təmin etdikdən sonra Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu gün partiyamızın sədri, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət nəticəsində Azərbaycan dünyanın nüfuzlu ölkələri sırasındadır”-deyə N.Məmmədov söyləyib.