Noyabrın 22-də Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlərlə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə tədbir keçirilib.

 

Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının idarə heyətinin üzvləri, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşı və Mərkəzin nümayəndələri iştirak ediblər.

 

Mərkəzin rəhbərliyi qonaqlara müəssisə haqqında ətraflı məlumat verərək aparılan islahatlar, Mərkəzin strateji inkişaf hədəfləri haqda danışıb. Qeyd olunub ki, Mərkəzdə tədris edilən nəzəri və praktiki dərslər ölkə iqtisadiyyatının əsas inkişaf prioritetinə uyğun olaraq səkkiz istiqamətdə aparılır.

 

Tədbir zamanı tərəflər arasında gələcək əməkdaşlığın istiqamətləri müzakirə olunub. Həmçinin tələbələrin təcrübə-istehsalat proqramları, istedadların aşkar edilməsi, müvafiq sahələrdə onların inkişafına şərait yaratmaq, fərqli yaş qruplarından olan şəxslər üçün ömürboyu təhsil imkanları və bu məqsədlərə nail olmaq üçün sənaye qurumları ilə məqsədyönlü əməkdaşlığın Mərkəzin əsas hədəfləri sırasında yer aldığı vurğulanıb.

 

Görüşün sonunda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasına üzv şirkətlər arasında yer alan “Sigma Technical Services”, “Suez”, “ALSTOM” kimi nüfuzlu şirkətlərlə əməkdaşlıq memorandumları imzalanıb.

 

Qeyd edək ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına cavab verən, rəqabətqabiliyyətli kadr hazırlığını həyata keçirən peşə təhsili müəssisəsidir. Ən müasir maddi-texniki baza ilə təchiz edilən Mərkəzdə tədris prosesi Koreyada təlim keçmiş gənc mütəxəssislər tərəfindən aparılır.