Azərbaycan Texniki Universiteti (AzTU) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Müasir tolerantlıq-Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib.

 

Konfrans DQİDK-nin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanan “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” filminin nümayişi ilə başlayıb.

 

AzTU-nun rektoru Vilayət Vəliyev Azərbaycanın ictimai-siyasi həyatında multikulturalizmə böyük önəm verildiyini diqqətə çatdırıb. O, ulu öndər Heydər Əliyevin bu istiqamətdəki roluna toxunub, bu siyasətin  Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini deyib. Rektorun sözlərinə görə, Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi multikulturalizmin Azərbaycanda həyat tərzinə çevrilməsinin bariz nümunəsidir.

 

Multikulturalizm və tolerantlıq mövzusunda tədbirlərin dövlət və qeyri-dövlət müəssisələrində keçirilməsinin ənənə halı aldığını deyən DQİDK-nın sədr müavini Səyavuş Heydərov bildirib ki, məqsəd radikal dini mövqelərdən ölkəmizə yönələn təhdidlərin qarşısını almaqdır.

 

O, Azərbaycanda dini etiqad azadlığına təkcə sözdə yox, həm də təcrübədə geniş imkanlar yaradıldığını söyləyib. Sədr müavini ölkəmizdə dinlərin əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərdiyini xüsusi vurğulayıb.

 

Konfrans çərçivəsində müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı Azərbaycanda   tolerantlıq təcrübəsi, bu sahədə görülən işlər və qarşıda duran vəzifələr barədə geniş  müzakirələr aparılıb.