Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrindən ibarət komandalar “StartupFest 2019” çərçivəsində keçirilən “Startup Weekend Baku Fintech” tədbirində uğur əldə ediblər.  Belə ki, “The Banky” komandası ən yüksək bal toplayaraq I yerə, “İrfan Təhsil Bank Xidməti” komandası isə II yerə layiq görülüb.

 

Tədbir, ümumilikdə 54 saat davam edib. Bu müddət ərzində iştirakçılar “Startap nədir?”, “Startap ideyasını necə formalaşdırmaq olar?”, “Bazar araşdırması”, “Biznes model strukturu: biznes modeli, biznes plan”, “Təqdimat bacarıqları” kimi əsas təşəbbüskarlıq anlayışları ilə tanış olublar. Eyni zamanda, iştirakçılar komandalara bölünərək onlara həvalə edilmiş layihələr üzrə “Hackathon” zamanı qazandıqları bilikləri tətbiq ediblər.

 

Qeyd edək ki, birincilik qazanan komanda “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində inkubasiya proqramı keçmək və “Startup Turkey” tədbirinə qatılmaq şansı əldə edib. 2-ci və 3-cü yerdə qərarlaşan  komandalar isə “Bank Respublika” ASC və “Topla.az”dan pul mükafatları qazanıblar.