Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun ərsəyə gətirdiyi “Azərbaycan tibb tarixinin qaynaqları və tarixşünaslığı” adlı monoqrafiya işıq üzü görüb.

 

Monoqrafiyanın müəllifləri – institutun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli və əməkdaşları- tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev, Solmaz Namazovadır.

 

Azərbaycan elm tarixində bir ilk olan monoqrafiya qədim dövrdən müasir dövrədək Azərbaycanın tibb tarixinin bütün  məqamlarına aid qaynaqların və tarixşünaslığın araşdırılmasını əhatə edir.

 

Əsər  iki bölümdən ibarətdir. Birinci bölüm qaynaqlara dair məlumatlar, qaynaqların təsnifatı və onların müəllifləri haqqındadır. Xronoloji ardıcıllığın qorunduğu ikinci bölüm isə tibbin tarixşünaslığına həsr olunub.

 

Kitab hazırlanarkən  əlyazmalar, müxtəlif dilli qaynaqlar və müasir tədqiqatlardan kompleks şəkildə istifadə edilib. Monoqrafiyanın bir çox elmi yenilikləri mövcuddur. Belə ki, ilk dəfədir, hər hansı bir elm sahəsinin spesifik formada qaynaqları və mənbəşünaslığına ayrıca tədqiqat əsəri həsr olunub; tibb tarixinin qaynaqları və tarixşünaslığı təsnif edilib; “Avesta” kitabı tam şəkildə nəzərdən keçirilərək onun içərisindən bütün tibbi biliklər seçilib;  bir çox ingilisdilli ədəbiyyatdan istifadə olunub; Azərbaycan mətbuatında təbabətə dair mövcud məlumatlar müxtəlif istiqamətlərdə araşdırılıb və ilk dəfə olaraq, AMEA-nın Əlyazmalar İnstitutundakı əlyazmalardan istifadə edilib.

           

Monoqrafiya tələbə, magistr, doktorant, tarixçi mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.