Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution”(STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə baş tutan və  ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında tədris edilən Layihə İdarəetmə Məktəbinin (SPM) Məzun Günü keçirilib.

 

Layihə İdarəetmə Məktəbini bu dəfə 20-dən çox müəssisənin 40 mütəxəssisi bitirib. Məzunlar arasında SOCAR, BP, ABB, “PAŞA Holdinq”,“Gilan Holdinq”, Bank Respublika, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ASC, “Azərbaycan Dəmir Yolları” QSC, Dövlət Miqrasiya Xidməti kimi şirkət və müəssisələrin rəhbər işçiləri və məsul əməkdaşları var.

 

Ali Məktəbin rektoru Elmar Qasımov Layihə İdarəetmə Məktəbinin məzunlarını proqramı uğurla başa vurmaları münasibətilə təbrik edib. O, Layihə İdarəetmə Məktəbinin beynəlxalq səviyyəli mütəxəssislər yetişdirməkdə əhəmiyyətli rolunu xüsusi vurğulayıb.

 

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov çıxışlarında SPM-in  Azərbaycan üçün çox önəmli məktəb olmasından, yerli insan resurslarına və ümumilikdə, layihələrin idarə edilməsi üzrə bacarıqların inkişafına verəcəyi töhfədən bəhs ediblər. Natiqlər gənc mütəxəssislərin inkişafı, korporativ biznes mühitinə inteqrasiyası və praktiki səriştələrinin artırılması baxımından bu cür layihələrin əhəmiyyətini vurğulayıblar.

 

Məzunlar Layihə İdarəetmə Məktəbi çərçivəsində əldə etdikləri yeni biliklərin onların peşəkarlıqlarının yüksəlməsinə ciddi praktiki töhfələr verdiyini bildiriblər.

 

Sonda məzunlara ABŞ-ın Corc Vaşinqton Universitetinin  Magistr sertifikatı təqdim edilib.     

 

Qeyd edək ki, son illər ərzində dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlər Layihələri İdarəetmə Məktəbinə böyük maraq göstərərək,  əməkdaşlarının ixtisasartırması baxımından bu layihədə iştirakına üstünlük verirlər.

 

Məktəbdə  Layihələrin İdarə olunmasının 7 modulu üzrə ABŞ-ın Corc Vaşinqton Universitetinin Magistr Proqramı əsasında təlim keçirilir.