Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan, görkəmli ictimai-siyasi xadim, jurnalist, yazıçı, publisist, alim, diplomat Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunan "Azərbaycanın və türk dünyasının ictimai-siyasi xadimi" adlı elmi seminar keçirib.

 

İnstitutun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli  Əhməd bəy Ağaoğlunun coxcəhətli fəaliyyətini, milli xidmətlərini tarixilik və müasirlik fonunda təhlil edib, Azərbaycan  ictimai-fikir tarixindəki rolunu  yüksək qiymətləndirib.  

 

AMEA İctimai Elmlər bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova  Ə.Ağaoğlunun 150 illik yubileyinin ölkə səviyyəsində keçirilməsinin elmi-ictimai əhəmiyyətindən danışıb. Qeyd edib ki, görkəmli şəxsiyyətlərimizə həsr olunan belə kütləvi tədbirlər onların parlaq həyat və fəaliyyətlərinin dərindən öyrənilməsi, təbliğ edilməsi baxımından çox faydalıdır.

 

Sonra institutun əməkdaşları çıxış edib.

 

Çıxışlarda Ə.Ağaoğlunun həyat və fəaliyyətinə, elmi baxışlarına, siyasi görüşlərinə aydınlıq gətirilib. Onun başdan-başa milli məfkurəylə yoğrulmuş böyük mücadilə adamı olmaqla yanaşı, həm də böyük islahatçı, maarifçi, alim, diplomat və dövlət xadimi olması vurğulanıb.

 

Məruzələrdə Ə.Ağaoğlunun Atatürklə yaxın münasibətləri, Türkiyə Cümhuriyyətinin qurulmasında ideoloji-siyasi rolu, maarif naziri işləməsi, Türkiyə Böyük Millət Məclisində ardıcıl olaraq 2 dəfə millət vəkili seçilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasındakı xidmətləri  xüsusi qeyd edilib.