Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti açılış mərasimi keçirilib. Tədbirdə BANM-in rəhbərliyi, BP şirkətinin nümayəndələri və proqramda qeydiyyatdan keçən tələbələr iştirak ediblər.

       

BANM-nin rektoru Elmar Qasımov bildirib ki, “Mühəndislər üçün biznes təhsili” layihəsinin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik, idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılmasıdır.

 

Rektor qeyd edib ki, proqram mühəndislik ixtisası üzrə təhsil alan bütün ali məktəblərin tələbələri üçün nəzərdə tutulub. O, proqramı tədris etmək üçün layihələrin idarə edilməsi sahəsində təcrübəli ekspertlərin cəlb olunduğunu da vurğulayıb.

       

“BP Azərbaycan” şirkətinin Tədbirlər və Brend Kommunikasiyalar üzrə meneceri Zaur Cəbrayıl isə bildirib ki, BP şirkəti 27 ildir Azərbaycanda fəaliyyət göstərir və fəaliyyəti zamanı sosial layihələrə hər zaman diqqət ayırıb. O bildirib ki, Bakı Ali Neft Məktəbi BP-nin ən sadiq tərəfdaşlarındandır və Ali Məktəblə əməkdaşlıq çərçivəsində ən önəmli layihə  “Mühəndislər üçün biznes təhsili” layihəsidir.

        

Məlumat üçün bildirək ki, layihənin növbəti mərhələsi üçün 84 mühəndis-tələbə seçilib. Onlar ölkəmizin müxtəlif ali məktəblərinin tələbələridir.

 

“Mühəndislər üçün biznes təhsili”nin proqramına “Təqdimat və kommunikasiya bacarığı”, “Layihələrin idarə edilməsi”, “Vaxtın idarəedilməsi və səmərəlilik”, “Liderlik”, “Risklərin idarəedilməsi”, “Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş”, “İnsan resurslarının idarəedilməsinin əsasları”, “Danışıq bacarıqları” kimi modullar daxildir.

 

Təlimlər noyabr-dekabr ayları ərzində Bakı Ali Neft Məktəbində təşkil ediləcək.