AMEA Coğrafiya İnstitutunun elmi seminarında paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya elmləri namizədi Rəşid Fətəliyev “Meteoritlər, Cənubi Xəzər hövzəsi və Azərbaycan folkloru” mövzusunda təqdimatla çıxış edib.

 

Təqdimatda meteoritlər, onların Günəş sistemində mövqeyi, Yerə düşməsinin səbəbləri, meteorit kraterləri və astroblemlər, meteoritin növləri, Azərbaycan ərazisinə düşmüş meteoritlər və eləcə də, yalançı meteoritlər haqqında ümumi məlumat verilib. Məruzəçi qeyd edib ki, çıxışını  tədqiqat işlərində multidissiplinar yanaşmanın təşviqi, bu sahədə elmi araşdırmalara  dəstək və əhalini meteoritlər barədə maarifləndirmək məqsədilə hazırlayıb.

 

Müəllif Cənubi Xəzər çökəkliyinin əmələ gəlməsinə dair mövcud konsepsiyalardan fərqli bir fərziyyə irəli sürərək, onun meteorit mənşəli, yəni astroblem olması fikrini ortaya qoyur. Qeyd edilir ki, Cənubi Xəzər çökəkliyinin müasir vəziyyəti  Neogen dövründə, daha doğrusu, Pont və Alt Pliosen əsrləri arasında nəhəng bir asteroidin Cənubi Xəzər ərazisinə düşməsi və sonrakı 5 milyon il ərzində baş vermiş tektonik,  geo-morfoloji proseslər nəticəsində  formalaşıb. Bununla belə, fərziyənin təsdiqi üçün müasir, ciddi tədqiqat işlərinin aparılmasına ehtiyac var.

 

Tədqiqatçı, həmçinin meteoritlər və Azərbaycan folklorunun bəzi janrları arasında mümkün əlaqənin olmasına dair araşdırmalar da aparıb və bu istiqamətdə maraqlı nəticələr əldə edib.