Layihənin sonunda məktəb direktorunun qazandığı bilik və bacarıqları qiymətləndiriləcək


“Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.

 

Heydər ƏLİYEV,

ümummilli lider

 

Məlum olduğu kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 2018-ci il üzrə dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi elan edilmişdir. Qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

 

Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi çərçivəsində ümumi təhsil kateqoriyası üzrə qalib gəlmiş layihələrdən biri də “Məktəb idarəediciləri üçün məlumat əsaslı qərarvermə” adlanır.

 

Müəssisənin inkişafının, uğurunun əsas səbəbkarı idarəedicilər (menecerlər) hesab olunur. İdarəetmə, çox ümumi şəkildə, fərdin və ya kollektivin öz iradələrini, ideya və fikirlərini mümkün olan, zərurət yaranan yerdə məqsədəyönlü şəkildə reallaşdırılmasıdır.

 

Ümumiyyətlə, müəssisənin idarəedilməsi kompleks fəaliyyətdir. İdarəedənlərin təsirli olması üçün onların zəruri bilik və bacanqlara sahib olması vacibdir. İdarəedicinin əsas vəzifələrindən biri görüləcək işi yaxşı qavrayıb, hansı vasitələrdən istifadə edərək işin daha təsirli və keyfiyyətli olmasını təşkil etməkdir. Bundan başqa idarəetmə riskli bir prosesdir və düzgün qərar vermək çox çətindir. İdarəetmə müəssisəsinin öz məqsədinə çatması üçün insan digər resurslara nəzarət etmək və səmərəliliyin artması üçün planlaşdırma, təşkiletmə, nəzarət kimi funksiyaları özündə birləşdirməlidir.

 

Ümumi təhsil müəssisələrində məktəbin idarəedicisi tərəfindən müxtəlif istiqamətlər üzrə qərarvermənin düzgün şəkildə aparılması təhsilin idarəedilməsində ən əsas məsələlərdəndir. 

 

Məlumdur ki, yalnız təhsilin dəyər və məqsədlərini dərk edən, peşəkar bilikləri, şəxsi keyfiyyətləri, sosial bacarıq və şəxsiyyətlərarası ünsiyyət vərdişləri yüksək səviyyədə olan, yaradıcı və innovativ həllərin axtarışında həmkarları ilə əməkdaşlıq etməyi bacaran, ən əsası isə müxtəlif situasiyalarda yaranmış vəziyyətə görə düzgün qərar vermək bacarığının olması ilə yanaşı bu qərarların tam, son nəticə əldə edilənə qədər həyata keçirilməsinə nəzarət etmək səriştəsinə sahib olan məktəb  direktorları  təhsildə  uğurlu  nəticələr əldə  edir.

 

Qərarvermə idarəetmənin bütün mərhələlərində həyata keçirilir və idarəetmənin hər hansı səviyyəsində olan rəhbərin fəaliyyətinin zəruri tərkibi hissəsidir. Bununla əlaqədar olaraq qərarvermə metod və texnologiyaları haqqında olan məlumatlar toplusu rəhbərin ustalıq dərəcəsinin mühüm elementidir. 

 

Qərarvermə zamanı yol verilmiş yanlışlar ciddi fəsadlara yol açır. İdarəetmədə qərarvermə məsələləri insanların adi halda gündəlik həyatlarındakı qərarverməsindən daha sistemli bir prosesdir. Fərdin verdiyi qərarlar daha çox onun özünə, müəyyən qədər də ona yaxın  olan  insanlarla  əlaqəli  olur. 

 

Ümumi  təhsil  məktəbinin  direktorunun qərarverməyi isə daha ciddi bir prosesdir. Çünki o, nəinki özü üçün, həm digər işçilərə, həm də müəssisəyə aid olan qərarlar verir.

 

Səmərəli idarəetmə, yalnız son anda olan qərarvermə üsulundan və onun reallaşdırılmasından yox, bir çox amillərin birlikdə tətbiqindən asılı olur. Bu səbəbdən də idarəetmə qərarlarının daha əsaslı və səmərəli olması üçün müəyyən metodoloji prinsiplərə riayət etmək lazımdır. İdarəetmədə doğru qərar vermək üçün hər bir müəssisə rəhbərinin yalnız  qərarvermənin nəzəri əsaslarını deyil, həmçinin biliklərini təcrübəli formada tətbiq etmək bacarığı  da olmalıdır.

 

Məktəb direktoru hər hansı qərarı verərkən çalışmalıdır ki, bu qərarlar məlumat əsaslı olsun. Təhsil proseslərini idarə etmək, təhsil müəssisəsində dəqiq və ədalətli qərarlar verilməsində məlumat əsaslı qərarvermənin xüsusi rolu var. Ümumiyyətlə, hər hansı bir analizi başlamaq üçün bizə, ilk növbədə, məktəb fəaliyyəti-şagird nailiyyətlərinin qiymətləndirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması, müntəzəm olaraq məktəb işçilərinin yaradıcılıq və axtarışlarının inkişaf etdirilməsi, məktəb ehtiyatlarından səmərəli istifadə edilməsi, sabit əmək kollektivinin formalaşdırılması, məktəbdə sağlam iş şəraitinin yaradılmasına yönəldilmiş təşkilati və mənəvi tərbiyə işlərinin həyata keçirilməsi, əmək intizamını pozanlara qarşı vaxtında təsirli tədbir görülməsi, təlim-tərbiyə  prosesinin təkmilləşdirilməsi, öz məktəbinin və digər məktəb kollektivlərinin qabaqcıl pedaqoji təcrübəsinin öyrənilməsi, yayılması və tətbiqinin edilməsi və s. ilə bağlı məlumatları analiz edib müəssisənin dünənki və bugünkü durumu barədə məlumatlar toplanmalıdır. Dünənin və bu günün hesabatlarını analiz edərək təhsil müəssisəsinin sabahkı durumu barədə proqnoz vermək mümkündür.

 

Layihə çərçivəsində məktəb direktorları təhlil aparmış mütəxəssislərin əldə etdikləri məlumat əsasında təsviri və analitik təhlillər aparmaqla qərarların verilməsində  əhəmiyyət  kəsb  edən metodologiyaları real iş mühitində qarşılaşdıqları problemlərə tətbiq etməklə öyrənəcəklər.

 

Bu baxımdan ümumi təhsil müəssisələrində “Məktəb idarəediciləri üçün  məlumat əsaslı qərarvermə” mövzusunda layihənin həyata keçirilməsi zəruri və məqsədəmüvafiqdir.

 

Layihənin həyata keçirilməsinin əsas məqsədi məktəb direktorları tərəfindən idarəetmənin  bütün mərhələlərində  məlumat  əsaslı  qərarverməyə nail olunmasıdır.

 

Layihənin əsas vəzifələri aşağıdakılardır:

 

* Təhsildə məlumat əsaslı qərarvermənin inkişaf etdirilməsi;

* İdarəetmədə məlumat əsaslı qərarverməyə nail olunması;

* Təhsilin keyfiyyətinin artırılmasına nail olunması;  

* Analitik düşüncə tərzinin formalaşdırılması;

* Direktorlar tərəfindən rəqabətədavamlı qərarlar verilməsinə nail olunması;

* Direktorlar tərəfindən real problemləri analitikanın imkanları ilə həll etmə səriştəsinin qazanılması;

 

Layihə çərivəsində aşağıdakı fəaliyyətlər icra olunur:

 

- Layihənin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi  təhsil müəssisəsinin  əhatə etməsi;

- Layihənin 4 ay ərzində icra olunmasının planlaşdırılması; 

- İlk olaraq layihədə könüllü iştirak edəcək məktəb direktorlarının qeydiyyatının həyata keçirilməsi və bununla əlaqədar müraciət edən direktorların seçiminin aparılması və iştirakla bağlı 26 məktəb direktorunun  müəyyənləşdirilməsi;

- Direktorların “Məktəb idarəediciləri üçün məlumat əsaslı  qərarvermə” mövzusunda  təlimlərə cəlb olunması;

- Təlimlərin sonunda direktorların yekun qiymətləndirilməsinin  aparılması  və  sertifikatların təqdim olunması;

- Məktəb direktorlarından layihə çərçivəsində görüləcək işlərin hesabatlarının alınması və  ümumiləşdirmələrin aparılması; 

- Layihənin yekun hesabat tədbirinin keçirilməsi, hesabat tədbirində layihənin icra dövrünü əhatə edən videoçarxın hazırlanaraq ictimaiyyətə təqdim olunması.

 

Layihədən gözlənilən nəticələr isə aşağıdakılardır:

 

a) Layihə təhsil müəssisəsində böyük həcmli məlumatı optimal şəkildə idarə etmək üçün praktik bələdçi rolunu oynayacaq;

b) Müdavimlərdə (məktəb direktorlarında) məlumata əsaslanaraq daha ağıllı qərarlar vermək üçün analitik düşüncə tərzi formalaşacaq;

c) Layihə təlim iştirakçılarının təhsil müəssisəsində təhsil analitikasının imkanlarından  istifadə  etməklə  rəqabatədavamlı  qərarlar  vermələrinə  kömək edəcək;

d) Məktəb direktorları bir çox elm sahələrini və proqram paketlərindən seçilmiş mövzuları sadə və praktik üsullarla öyrənib real problemləri həll etmə səriştəsi qazanacaqlar;

e) Təlimlər nəticəsində  qazanılan biliklər, həmçinin elmi əsaslı tədqiqatlarda istifadə edilən  bəzi  analitik  metodologiyaları  başa  düşmək  və  tətbiq  etməyə,  təhlil bacarıqlarının təkmilləşdirilməsinə yardım edəcək;

f) Layihədən  faydalanan  iştirakçılar  bu  sahə  üzrə  qarşılaşacaqları  maneələri asanlıqla dəf edə biləcəklər;

g) Məktəb direktorları bu sahə üzrə daha zəruri və fundamental bacarıqlara yiyələnəcək;

h) Məktəb idarəediciləri trendləri üzə çıxarmaq, proqnozu daha dəqiq verə bilmək və daha bir çox bilik və bacarığa sahib olmaq imkanına nail olacaqlar.

 

Layihə çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 26 ümumi təhsil müəssisəsi ilə sıx əməkdaşlıq qurulmuş, ADA Universitetinin mütəxəssislərinin məktəb direktorları ilə əməkdaşlığı təmin olunmuşdur. Eyni zamanda mütəxəssislər layihə çərçivəsində keçirilən görüşlərdə və  tədbirdə də iştirak edirlər.

 

Qrant layihənin müddəti bitdikdən sonra da məktəb direktorları arasında  məlumat əsaslı qərarvermənin əsası qoyulacaq, digər məktəb direktorlarının da təlimlərə cəlb edilməsi məqsədilə layihənin davamlılığına  nail olunması istiqamətində tədbirlər həyata keçiriləcək,   layihəyə cəlb olunmuş ümumi təhsil müəssisələrinin nəticələri davamlı izləniləcəkdir.

 

Bundan əlavə, layihənin sonunda məktəb direktorunun qazandığı bilik və bacarıqlarının yekun qiymətləndirilməsi aparılacaq, layihə çərçivəsində görülmüş işlərin hesabatları məktəb direktorlarından alınaraq ümumiləşdiriləcək, əldə olunan nəticələr barədə hesabat hazırlanacaqdır.

 

Günel XANLAROVA,

Bakı şəhəri 177 nömrəli tam orta məktəbin direktoru



Bölmənin digər xəbərləri