DİN-in Polis Akademiyasında “Dil hazırlığı” kafedrasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Fərqanə Əliyevanın təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi, filosofu İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” adlı ədəbi-bədii tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə  DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq elmləri doktoru Nazim Əliyev açaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi haqqında Sərəncamına əsasən il boyu elm, təhsil və mədəniyyət ocaqlarında tədbirlərin keçirilməsindən danışıb. Rəis tədbirdə iştirak edən AMEA-nın əməkdaşlarına minnətdarlığını bildirib və  Nəsimi ədəbi irsinə yüksək dəyər verib. Natiq Nəsimini günəşə bənzədərək daim Azərbaycan xalqının ürəyində parlayacağını söyləyib. Tədbirin gedişində Polis Akademiyasının I kurs kursantı Nərmin İsgəndərova şüşə üzərində çəkdiyi İmadəddin Nəsiminin portretini akademiyanın rəisinə təqdim edib.

 

Sonra  AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor  Şahin  Fazil  “Nəsimi haqqında söz” adlı çıxışı ilə Nəsimi qəzəllərinin fəlsəfəsindən söz açıb.  AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy  “Cahana sığmayan şair”  adlı çıxışında Nəsimi yaradıcılığında hürufilik ideyalarının təbliğindən bəhs edib.

 

“Məndə sığar iki cahan, mən bu cahana sığmazam...” adlı ədəbi-bədii tədbirdə I kurs kursantlarının ifasında ədəbi-bədii kompozisiyada Nəsimi dünyasına səyahət edilərək onun  yaradıcılığından qəzəllər və muğamlar səsləndirilib.

 

Sonda tədbirdə fərqlənən tələbələrə sertifikatlar verilib.

 

Tədbir konsert proqramı ilə başa çatıb.

 

Şakir CƏFƏROV