Ümummilli liderə həsr olunmuş IX Beynəlxalq elmi konfrans işə başlayıb


Bakı Slavyan Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda IX Beynəlxalq elmi konfrans öz işinə başlayıb. Tədbirdə Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva əvvəlcə konfransın məqsədi, iş prinsipi və vəzifələri barədə iştirakçılara məlumat verib.

 

Bildirilib ki, müstəqilliyin hələ ilk dövründə ulu öndər Heydər Əliyev  gələcək uğurlu inkişafımızın ideoloji prinsiplərini dəqiq müəyyən edib. Dahi şəxsiyyət azərbaycançılıq ideologiyasını dövlət siyasətinin tərkib hissəsinə çevirməklə dövlətçiliyin milli-mənəvi dəyərlər üzərində yüksəlməsinin vacibliyini bir daha təsdiqləyib”.

 

Rektor deyib ki, Bakı Slavyan Universitetinin yaradılması da ulu öndərin ideyası olub: “O, bu universiteti dünyaya, ilk növbədə slavyan dünyasına açılan bir qapı kimi görürdü. Bu gün universitetin qazandığı uğurlar ümummilli liderin nə qədər uzaqgörən siyasətçi olduğunu bir daha təsdiq edir. Xarici ölkələrdən gələn qonaqlarımızın bu gün Azərbaycanın dostu olaraq dəfələrlə bu konfransda iştirak etmələri onu göstərir ki, onları Azərbaycana bağlayan xətt əbədidir”.

 

N.Əliyeva dahi şəxsiyyətin qısa müddət ərzində müstəqil Azərbaycanı stabil, inkişaf etmiş qüdrətli bir dövlətə, regionun lider ölkəsinə çevirdiyini vurğulayıb. Prezident İlham Əliyevin ümummilli liderin dövlətçilik ənənələrini daha da inkişaf etdirərək iqtisadi baxımdan güclü, siyasi-diplomatik baxımdan çevik, hərbi baxımdan qüdrətli bir Azərbaycan kimi dünyada tanınmasına nail olduğunu qeyd edib.

 

Sonra ümummilli lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək ulu öndərin Azərbaycan tarixindəki rolundan danışıb. Heydər Əliyev azərbaycançılıq ideyası ilə Azərbaycanı bütün millətlərin ümumi vətəninə, regionun ən qüdrətli dövlətinə çevirib: “Azərbaycanın gələcək çoxmədəniyyətlilik ənənəsini dövlət siyasətinə gətirdi. Bu mənada ölkədə reallaşdırılmasına səy göstərilən istənilən ideya təkcə azərbaycanlıların deyil, digər milli azlıqların da maraqlarını özündə ehtiva edir. Mübaliğəsiz və tam cəsarətlə deyə bilərik ki, məhz ulu öndər Heydər Əliyevin ölkəmizdə rəhbərliyi dövründə azərbaycançılıq ümummilli ideya səviyyəsinə yüksəldi. Ölkə vətəndaşlarını vahid ideya ətrafında birləşdirən milli ideologiya formalaşdı”.

 

Nazir müavini xüsusi vurğulayıb ki, Heydər Əliyevin apardığı siyasət nəticəsində azərbaycançılıq ideologiyası hüquqi və demokratik dövlət kimi ölkəmizin möhkəmləndirilməsinə və inkişafına yönəldilmişdi: “Ümummilli lider azərbaycançılığı Azərbaycanı müstəqil dövlətlər sırasına çıxaracaq yol hesab edirdi. Müstəqil Azərbaycanın Prezidenti İlham Əliyev əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu ideologiyanı daha da inkişaf etdirib”.

 

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərdən danışan F.Qurbanov qeyd edib ki, ali təhsil müəssisələrində “Azərbaycanşünaslığın əsasları” adlı kurs tədris olunur. Hətta bu problemlərə dair bir sıra tədris vəsaitləri də nəşr olunub. Bir sıra tədris müəssisələrində Azərbaycanşünaslıq mərkəzləri fəaliyyət göstərir. Həmin mərkəzlərin məqsədi bu sahədə mütəxəssis hazırlığı işinə yardımçı olmaq, elmi tədqiqatlar aparmaq, xaricdə azərbaycanşünaslığın inkişaf etdirilməsinə nail olmaq, ölkədə və ölkədən kənarda bu işlə məşğul olan qurumlarla əlaqələri genişləndirməkdir, Azərbaycan haqqında obyektiv informasiya yaymaqdır. 

 

Sonra söz alan Türkiyənin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Azərbaycanla Türkiyə arasındakı münasibətlərin inkişafında ulu öndərin əvəzedilməz xidmətindən danışıb. O, Heydər Əliyevin dünyanın ən nəhəng siyasətçilərindən olduğunu qeyd edib.

 

Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos, Milli Məclisin deputatları Mixail Zabelin və Aydın Mirzəzadə, Çexiyada Şərq ölkələri üzrə mütəxəssis, professor İvan Meznik, Bakı Dövlət Universitetinin professoru, Bakı Slavyan Universitetinin İctimai Etimad Şurasının koordinatoru Şahlar Əsgərov çıxış edərək beynəlxalq elmi konfransı təhsilimizin, elmimizin inkişafında, azərbaycançılığın və multikulturalizmin təbliğində mühüm addım kimi  dəyərləndirib, konfransın işinə uğurlar arzulayıblar.

 

Konfransda Çexiya, Polşa, Ukrayna, Bolqarıstan, Belarus respublikalarının Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak ediblər.

 

Qeyd edək ki, beynəlxalq konfransa 310 alim qatılıb. Bu alimlərin 14-ü xarici qonaqlar sırasındadır. Ukraynanın Çerniqov Milli Texnologiya Universitetinin prorektoru Vasiliy Karabanov, Çexiya Karl Universitetinin professoru xanım İvana Bozdexova, Türkiyənin Reytinq Akademiyasının rəhbəri, professor Mehmet Şahin, Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetinin professoru Satay Sızdikov, Polşa Təhsil Nazirliyinin nümayəndəsi, professor Pavel Frerenç və digərləri iştirak ediblər.

 

Konfrans öz işini  bölmələr üzrə davam etdirib.

 

Qeyd edək ki, konfrans çərçivəsində Belarus Dövlət Pedaqoji Universiteti (BDPU) ilə BSU arasında telekörpü yaradılıb. Telekörpünü BDPU tərəfdən rektor Aleksandr Juk, BSU tərəfdən isə elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov aparıblar.

 

Beynəlxalq konfransın gedişində Çexiyanın Mendel Universiteti ilə BSU arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Türkiyənin Pamuqqala Universitetinin nümayəndəsi Mehmet Şahin tərəfindən “Nargin faciəsi və Nuru paşa” mövzusunda tədbir keçirilib.

 

Mayın 4-də beynəlxalq konfransın bağlanış mərasimi keçiriləcək.

 

Ruhiyyə DAŞSALAHLI