Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təhsil alan tələbələrin valideynləri ilə akademiyanın rektoru Hüseyn Qaraşov və professor-müəllim heyətinin görüşü keçirilib.

 

Tədbirin keçirilməsində əsas məqsəd cari tədris ilində tələbələrin təhsil göstəriciləri və tədris prosesini mənimsəmə səviyyələri haqqında valideynləri məlumatlandırmaq, onların tədris prosesi ilə əlaqədar təklif və iradlarını dinləməkdən ibarət olub. 

 

Akademiyanın rektoru H.Qaraşov tələbələrin dərsə davamiyyəti, onların dərslərdəki göstəriciləri, tədris prosesini mənimsəmə səviyyələri haqqında valideynlərə məlumat verib. Rektor, həmçinin bildirib ki, professor-müəllim heyətindən başlıca tələb biliyin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsindən ibarətdir.

 

H.Qaraşov valideynləri semestr imtahanlarını şəxsən izləməyə, imtahanların keçirilməsinə və yaradılan şəraitə münasibət bildirməyə dəvət edib.

 

Nəzərə çatdırıb ki, xüsusi ilə birinci tədris ilində təhsil alan tələbələrin bəzilərində ərköyünlük, özünə arxayınçılıq, bir sıra pis vərdişlər –yəni siqaret çəkmək kimi mənfi hallar müşahidə olunur və bunları birlikdə aradan qaldırmaq lazımdır:” Təhsil ocağı olaraq bizim işimiz təkçə mütəxəssis hazırlamaq yox, həm də layiqli vətəndaş yetişdirməkdir”.

 

Valideynlərlə müəllimlər arasında səmimi ünsiyyət mühitinin yaradılmasının əhəmiyyətindən danışan rektor vurğulayıb ki, təhsilin keyfiyyətinin artırılmasında, müəllimlərin və ali təhsil müəssisəsinin nüfuzunun yüksəldilməsində hər iki tərəfin üzərinə mühüm vəzifələr düşür.

 

Daha sonra valideyn Sultan Bayramlı çıxış edib:”Bizim valdeyin kimi ən böyük kapitalımız övladlarımızdır.  Dekanlığın hər bir tələbə ilə maraqlanmağı müsbət haldır və  yaratdığınız valideyn-tələbə-müəllim üçbucağını çox bəyənirik”.