Azərbaycan Milli Elmlər Akademiyası Qadınlar Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.

 

Ədəbiyyat İnstitutunda keçirilən tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyev həyatını xalqına, Azərbaycanın inkişafına həsr edib, bütün dövrlərdə ölkəmizin tərəqqisinə, dövlətçilik ənənələrinin qorunmasına, azərbaycançılıq ideologiyasının bərqərar olmasına, milli kadrların yetişdirilməsinə çalışıb. Ulu öndərin Azərbaycanın iqtisadi, siyasi, elmi, mədəni cəhətdən güclənməsində göstərdiyi xidmətlərdən danışan akademik onun hələ SSRİ dövründə ölkəmizə rəhbərlik etdiyi illərdə respublikanın iqtisadi quruculuğuna xüsusi önəm verdiyini, ittifaq miqyasında nüfuzunu artırdığını deyib.

 

İ.Həbibbəyli 1993-cü ildə ölkənin çox ağır vəziyyətində xalqın təkidilə ulu öndərin yenidən respublika rəhbərliyinə qayıtması, qısa müddətdə ictimai asayişi bərpa etməsindən, o dövrün xarakterik cəhətlərindən, görülən mühüm işlərdən də bəhs edib. Akademikin sözlərinə görə, görkəmli dövlət xadimi dünya miqyasında böyük siyasətçi, mənsub olduğu xalqın xilaskarı və qüdrətli rəhbər kimi böyük şöhrət qazanıb.

 

Sonra akademik İradə Hüseynova, Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva və professor Rəna Mirzəzadə çıxış edərək, ulu öndərin misilsiz xidmətlərindən danışıb, onun daima elmi, təhsili diqqətdə saxladığını, Azərbaycan qadınının inkişafına diqqət göstərdiyini bildiriblər.

 

Daha sonra Toğrul Salmanzadənin ifasında "Heydər-xalqım" şeiri səsləndirilib.

 

Sonda "Heydər Əliyev və dövlət qadın siyasəti" filmi nümayiş etdirilib.