Bakı Slavyan Universitetinin (BSU) bir qrup professor-müəllim heyəti Kalmık Dövlət Universitetində “Şəbəkə şərqşünaslığı: monqol və türk etnik qruplarının zaman və məkanda qarşılıqlı əlaqəsi” mövzusunda keçirilən III Beynəlxalq elmi forumda iştirak ediblər.

 

Azərbaycandan, ümumilikdə 13 nəfərin qatıldığı elmi forumda Azərbaycan Milli Elmlər Akademiyasından və respublikamızın bir sıra ali məktəblərindən alimlər iştirak ediblər. Onlardan 5 nəfər iştirakçı BSU-nu təmsil edib.

 

Forum çərçivəsində “Altayşünaslıq və monqolşünaslığın aktual problemləri” adlı Beynəlxalq elmi konfrans keçirilib. Konfransda BSU-nun professoru  Rəhilə Quliyevanın “Культ коня в тюркской мифологии”, elmi işçi Sevinc İmanovanın “Концепт “семья” в азербайджанской прозе второй половины XX века” mövzusunda məruzələri dinlənilib. BSU alimlərinin apardıqları elmi tədqiqatlar konfrans iştirakçılarında böyük maraq yaradıb.

 

Forum zamanı Kalmık Dövlət Universitetinin rektoru, professor Badma Salayev və universitetin prorektorları Azərbaycandan qatılan nümayəndələri böyük rəğbətlə qəbul ediblər. Rektor  B.Salayev rəhbərlik etdiyi Kalmık Dövlət Universiteti ilə BSU arasında gələcəkdə sıx əməkdaşlıq qurmaq arzusunu ifadə edib.

 

Görüş zamanı belə konfransların keçirilməsinin türkologiya, monqolşünaslıq, altayşünaslıq  sahəsində elmi- tədqiqatların aparılmasına müsbət təsir göstərəcəyi vurğulanıb.

 

Forumda Azərbaycandan iştirak edən 13 alimin məqaləsi toplu şəklində nəşr olunub.

 

Konfrans çərçivəsində iştirakçılar Kalmıkiyanın görməli yerlərinə ekskursiya da ediblər.