Azərbaycan Texniki Universitetində (AzTU) Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AzTU və Belarus Dövlət Rabitə Akademiyasının təşkilatçılığı ilə “Telekommunikasiyada innovativ texnologiyalar” mövzusunda beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb.

 

Konfransın məqsədi telekommunikasiyanın aktual problemlərini müzakirə etmək, perspektivlərini müəyyənləşdirmək və  beynəlxalq miqyasda təcrübə mübadiləsi aparmaq üçün yeni əlaqələrin qurulmasından ibarətdir. Beynəlxalq konfransda telekommunikasiya sahəsi  ilə bağlı olan  yerli və xarici elmi-tədqiqat, ali təhsil müəssisələri, dövlət orqanları, biznes strukturları və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

 

AzTU rektoru Vilayət Vəliyev bildirib ki, qeyri-neft sektorunun inkişafının əsas istiqamətlərindən biri  telekommunikasiya ilə bağlıdır. Konfransın AzTU-da keçirilməsinin xüsusilə əhəmiyyətli olduğunu vurğulayan rektor bu gün universitetdə qlobal iqtisadiyyatın çağırışlarına uyğun islahatlar aparıldığını, bəzi fakültələrin yenidən təşkil olunduğunu deyib.

 

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev bildirib ki, innovativ texnologiyaların  telekommunikasiyada tətbiqi cəmiyyətin inkişafına səbəb olacaq. “Bu inkişafda elm və təhsilin böyük rolu var. Elm və təhsilin qarşısında dayanan ən mühüm vəzifə yüksəkixtisaslı kadrların hazırlanmasıdır”-deyə Y.Piriyev bu mənada konfransın əhəmiyyətli olacağını qeyd edib.

 

Azərbaycan və Belarusun dost ölkələr olduğunu bildirən Belarus Dövlət Rabitə Akademiyasının (BDRA) rektoru Andrey Zeneviç bu dostluğun əsasının uzun illər əvvəl qoyulduğunu deyib. O, rəhbərlik etdiyi akademiyanın AzTU ilə mütəmadi əməkdaşlıq etdiyini,  Texniki Universitetin professor-müəllim heyətinin tez-tez BDRA-da məruzə ilə çıxış etdiyini xatırladıb. Konfransın uğurlu nəticələr əldə edəcəyini deyən rektor əməkdaşlığın bundan sonra daha da inkişaf etdiriləcəyini bildirib.

 

Konfrans çərçivəsində AzTU ilə BDRA arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.