“Məktəblinin dostu” layihəsi təhlükəsiz məktəb mühitinə xeyli töhfə verib


Şiddət məktəb anlayışı ilə bir araya sığmaz məhfumdur. Çünki məktəbin əsas  missiyası fərdləri gələcəyə hazırlamaqdır; cəmiyyət üçün sağlam nəsil formalaşdırmaqdır. Heç bir məktəbin hədəflərində şiddətə meyilli şəxslər yetişdirmək kimi bir cəhd və  maraq  yoxdur.

 

Şiddət təhsil ocağına məktəblə birbaşa əlaqəsi olan şəxslər (şagird, valideyn, müəllim və məktəb heyəti) tərəfindən yaşadıqları yerdən və mühitdən gətirilir.

 

Bəs şiddət nədir?

 

Şiddətin tam tərifini vermək asan deyil. Ümumdünya Səhiyyə Təşkilatının tərifinə görə şiddət odur ki, ortada fiziki,  psixoloji gücün fərdin özünə, başqasına, bir qrupa və yaxud cəmiyyətə qarşı şüurlu şəkildə həyata keçirilən hərəkətlərinin məcmusu var.

 

Sosial-psixoloji  bir problem olaraq şiddət, yarandığı gündən insanlar arasında müxtəlif problemlərin və qarşıdurmaların, ya səbəbi,  ya da nəticəsi olaraq qarşımıza çıxmaqdadır.

 

Məktəblərdə şiddət və zorbalıqla əlaqəli tədqiqat həyata keçirən beynəlxalq təşkilatlar hər il dünyada milyonlarla şagirdin şiddət və zorbalığa məruz qaldığını açıqlayıb. UNICEF-ə görə artıq qız və oğlan şagirdlər üçün məktəblər heç də təhlükəsiz yerlər deyildir. Buna səbəb olaraq  məktəblərdə artan şiddət halları göstərilir.

 

Şiddət mövzusu son dövrlərdə daha çox məktəb təhlükəsizliyi ilə əlaqədər aparılan araşdırmalarda ön plana çıxır. Şiddətin olduğu yerdə  məktəbin təhlükəsizliyinə və mühitinə zərər olduqca yüksəkdir. Araşdırmalar göstərir ki, zorbalığa məruz qalan şagirdlərin akademik nailiyyətlərində geriləmələr müşahidə olunur. Bir təhsil ocağında təhsilalan şiddət və zorbalığa məruz qalırsa, o təhsil ocağında inklüziv və ədalətli bir təhsilə nail olmaq mümkün deyil.

 

Müsbət bir iqlim isə istənilən  məktəbdə problemlərin həllini daha da asanlaşdırır.

 

Bir çox ölkə şiddət hadisələri ilə mübarizə üçün təhlükəsizlik proqramlarına ehtiyac hiss edir. Lakin bir məsələ var ki,  tədbirlər gecikdiriləndə yaxşı nəticə əldə etmək çətin olur. Vaxtında atılan addımlarla isə  mənfi halların qarşısını almaq rahatdır və mümkündür. 

 

Məktəblərdə daha təhlükəsiz və təlim-tədris üçün əlverişli bir mühit, eyni zamanda müsbət məktəb nümunəsi yaratmaq üçün hərəkətə keçən ölkələrdən biri də Azərbaycan oldu.

 

Belə ki, 2016-cı ildə Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Məktəblinin dostu” layihəsinə start verildi.

 

Layihənin əsas məqsədi məktəblərdə sağlam mühitin formalaşması işinə töhfə vermək, müəllim və şagirdlər üçün təhlükəsiz atmosfer yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivləri ilə maarifləndirmə, diaqnostik işlər aparmaqdan ibarətdir.

 

Devizi “Təhlükəsiz məktəb, arxayın valideyn” olan “Məktəblinin dostu” layihəsi ilkin olaraq 2016-2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 32 ümumtəhsil müəssisəsində pilot olaraq həyata keçirildi. Hazırda layihə 70 təhsil müəssisəsində həyata keçirilir.  

 

Qısa müddətdə effektli işi ilə vacibliyini göstərən layihənin əhatə  edəcəyi məktəblərin sayının 2019-2020-ci  tədris ilində 150-yə çatdırılması planlaşdırılır.

 

Məktəblərdə şiddət və zorbalığın qarşısının alınması sahəsində məktəblinin dostlarının gördüyü iş göz önündədir. Xüsusi təlimlərdən keçən bu şəxslər bu vəzifənin öhdəsindən sosial bacarıqları sayəsində gələ bilir.  Baş verə biləcək şiddət hadisələrinə vaxtında müdaxilə  zəruri olan bir amildir. Bu müdaxilələr həm şiddətə məruz qalan,  həm də şiddəti tətbiq edənin gələcək həyatı və inkişaf dövrləri üçün önəm kəsb edir. Bu çərçivədə məktəblinin dostlarının keçirdiyi psixoloji təlimlər şagirdlərin ala biləcəyi zərərləri minimuma endirir.

 

Təhsil müəssisələrində şiddətlə mübarizədə təsirli üsullardan biri də şagirdləri məktəb tədbirlərində iştiraka təşviq etməkdir. Belə fəaliyyətlər şagirdlərin məktəbə olan bağlılığını artırır və onları şiddətsiz ünsiyyətə təşviq edir. Bu istiqamətdə məktəblinin dostları nə edir? Təbii ki, məktəblərdə şagirdlərlə birlikdə yaradıcılıq müsabiqələri, bilik yarışları,  intellektual oyunlar, eləcə də əlamətdar və tarixi günlərin fərqli formalarda qeyd edilməsini təşkil edir. Beləliklə, bu işə müsbət töhfə vermək üçün mümkün olan bütün addımlar atılır. 

 

Samuel MAHMUDLU,  
"Məktəblinin dostu"  layihəsinin əlaqələndiricisi