Naxçıvan Müəllimlər İnstitutunda  dosent,  şair-dramaturq Həsənəli Eyvazlının “Naxçıvan haqqında ballada (poema)” adlı miniatur  kitabının təqdimatı keçirilib.

 

Naxçıvan Müəllimlər İnstitutunun prorektoru Azad Novruzov  muxtar respublikada elmi və bədii yaradıcılıq üçün yaradılan yüksək imkanlardan danışıb, institut əməkdaşlarının bu şəraitdən bəhrələnərək qazandıqları uğurlara toxunub.  Qeyd edilib ki, professor- müəllim heyətinin elmi-pedaqoji nailiyyətləri ilə yanaşı, mətbuat orqanlarında mütəmadi çıxışları, radio və televiziyadakı müsahibələri daim diqqət mərkəzində olan məsələlərdəndir:” Son illərdə aparılan məqsədyönlü işlər nəticəsində muxtar respublikada kitaba, mütaliəyə artan maraq yazıçı və dramaturqların yeni əsərlər yaratmalarına stimul verib”.

 

A.Novruzov bildirib ki, H.Eyvazlının miniatur formada çap olunan “Naxçıvan haqqında ballada (poema)” kitabı təqdirəlayiqdir və kütləvi oxucu marağına səbəb olacaq:” Bu poema əsasında Naxçıvan Dövlət Televiziyası tərəfindən televiziya filmi çəkilib və maraqla qarşılanıb. Əsərdə Naxçıvan Atabəylər zamanından günümüzədək olan bir dövr təsvir edilib”.

 

Sonda tələbələrin ifasında “Naxçıvan haqqında ballada (poema)” kitabından parçalar səsləndirilib və müəllif tərəfindən sözügedən kitab institut kitabxanasına və qonaqlara hədiyyə olunub.