Bilik Fondunun təşkilatçılığı ilə III Beynəlxalq şagird konfransı keçirilib


Bu gün Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan “Azərbaycan: müasirlik və gələcəyin qovuşuğunda” mövzusunda III Beynəlxalq şagird konfransı öz işinə başlayıb. Konfransa  ölkəmizin 26 bölgəsindən 80, Türkiyə, Rusiya, Gürcüstan, Misir və İsraildən 21 məktəbli olmaqla ümumilikdə 101 şagird qatılıb.

 

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin  xatirəsini  ehtiramla yad edib,  məzarı önünə əklil qoyublar. 

 

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov konfransın plenar iclasında çıxış edərək  mötəbər tədbirdə iştirak etdiklərinə görə məktəblilərə minnətdarlığını bildirib. O,  Prezident İlham Əliyevin Xalq Cümhuriyyətinin  100 illik yubileyi haqqında  imzaladığı sərəncamala bu il ölkəmizdə Xalq Cümhuriyyətinin  100 illik yubileyi ilə yanaşı,  həm də ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünün qeyd olunduğunu diqqətə çatdırıb.  Çıxışında ümummilli lider Heydər Əliyevin ölkəmizdə gənc nəslin inkişafındakı xidmətlərindən danışan O.Səmədov ulu öndərin məktəblilərə qayğısından və sevgisindən söhbət açıb.
Bilik Fondunun  ölkəmizdə təhsil sahəsində həyata keçirdiyi  layihələr barədə  geniş məlumat verən Oktay Səmədov konfransa qatılan xarici ölkələrin məktəblilərinə Bakını daha yaxından tanımağa, azərbaycanlı yaşıdları ilə dostluq münasibətləri qurmağa şərait yaradılacağını vurğulayaraq onlara elm yolunda mətin addımlarla irəliləməyi arzulayıb.
 

Plenar iclasda Azərbaycan Milli Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru,  akademik Möhsün Nağısoylu, Təhsil Nazirliyinin  aparıcı məsləhətçisi Afət Süleymanova, Bakı Şəhəri üzrə  Təhsil İdarəsinin  aparıcı məsləhətçisi Namiq Ağayev, Misirin Azərbaycandakı səfirliyinin mədəniyyət  attaşesi Əhməd Sami Elaydi çıxış edərək III Beynəlxalq şagird konfransının işinə uğurlar arzulayıblar.
 

Sonra  Türkiyə, Gürcüstan və Rusiyadan olan məktəblilər çıxış edərək bu cür tədbirə qatılmaqdan sevinc hissi keçirdiklərini bildirib,  təşkilatçılara minnətdarlıq ediblər.
  

Çıxışlardan sonra  Bakıdakı Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin, Türkiyənin Bandırma Yavuz Sultan Səlim Anadolu liseyinin və Rusiyanın Mıtışı şəhər 31 nömrəli orta ümumtəhsil məktəbinin şagirdləri arasında "Qardaşlaşma sazişi"  imzalanıb.

Daha sonra konfrans  öz  işini  “Heydər Əliyev və azərbaycançılıq”, “Azərbaycan dili və ədəbiyyat”,  “Azərbaycan mədəniyyəti və incəsənəti”, “Azərbaycan tarixi və coğrafiyası”, “Azərbaycanı tanıyaq” mövzularında bölmələr üzrə davam etdirib. Bölmə iclaslarında şagirdlərin Azərbaycan, türk, rus və ingilis dillərində məruzələri dinlənilib.

 

Oruc MUSTAFAYEV