Bakı Ali Neft Məktəbi (BANM) ilə Akademik Zərifə Əliyeva adına lisey arasında əməkdaşlıq davam edir. Əməkdaşlıq çərçivəsində Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti liseylə tanış olub.

 

Şagirdlərlə keçirilən görüşdə  BANM-nin rektoru Elmar Qasımov Akademik Zərifə Əliyeva adına liseyin yüksək tədris və təlim-tərbiyə sahəsində unikal təhsil ocağı olduğunu bildirib. Rektor liseyin Azərbaycanın görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva kimi elm xadiminin adını daşımasının böyük məsuliyyət olduğunu və hazırda təhsil ocağının bu şərəfli adı doğrultduğunu vurğulayıb.

 

O, BANM-də müxtəlif ixtisaslar üzrə təhsil alan lisey məzunlarının intellektual səviyyəsinin, sosial aktivliyinin yüksək olduğunu bildirərək, onların uğurunun orta məktəbdə əldə edilən bilik və bacarıqlardan qaynaqlandığını qeyd edib.

 

E.Qasımov bildirib ki, liseyinin 18 nəfər yetirməsi Bakı Ali Neft Məktəbinin məzunu olub, onlar hazırda müxtəlif yerli və transmilli şirkətlərdə çalışırlar.

 

“2019/2020-ci tədris ilində bu orta ümumtəhsil müəssisəsinin 6 məzunu BANM-i seçib. Onlardan biri Prezident təqaüdçüsüdür”- deyə rektor qeyd edib.

 

Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva ikitərəfli əməkdaşlığın genişlənməsindən, bununla da liseyin şagirdləri və gələcək məzunları üçün daha geniş imkanlar yaradılmasından məmnunluğunu ifadə edib.

 

BANM-nin  hazırki tələbələri, Akademik Zərifə Əliyeva adına liseyin məzunları olan Kənan Sadıqov, Qəhrəman Kazımlı, Xalid İsmayıllı şagirdlərlə öz uğur hekayələrini bölüşüb və tövsiyələrini veriblər.