Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin Müasir Azərbaycan dili kafedrasının təşkilatçılığı ilə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmmədağa  Şirəliyevin 110 illik yubileyinə həsr olunan “Azərbaycan dialektologiyası və türkoloji dilçilik sahəsində akademik Məmmədağa Şirəliyevin xidmətləri” mövzusunda respublika elmi konfransı keçirilib.

 

Universitetin rektoru, professor Cəfər Cəfərov bildirib ki,  Azərbaycan dilinin ilk dialektoloji atlası və lüğətlərinin tərtibi Məmmədağa Şirəliyevin adı ilə bağlıdır:” SSRİ Elmlər Akademiyasının Bakıda iyirmi ilə yaxın bir dövr ərzində Məmmədağa Şirəliyevin rəhbərliyi altında işıq üzü görən “Sovetskaya tyurkoloqiya” jurnalı bu səpkidə yeganə nüfuzlu nəşr olub, beynəlxalq elm məkanında dünya türkoloqlarının mötəbər tribunasına çevrilib”.

 

Rektorun sözlərinə görə,  M.Şirəliyev, eyni zamanda, mövcud elmi potensialdan daim ölkənin və xalqın mənafelərinə uyğun səmərəli istifadə olunmasına çalışan bacarıqlı elm təşkilatçısı kimi tanınırdı. O, Azərbaycan dialektologiya məktəbinin yaradıcısı kimi 100-dən çox elmi əsərin, o cümlədən monoqrafik "Azərbaycan dialektologiyasının əsasları", "Bakı dialekti", habelə M.H.Hüseynzadə ilə birlikdə orta məktəblər üçün yazdığı "Azərbaycan dilinin qrammatikası" dərsliyinin müəllifidir.

 

C.Cəfərov deyib ki,  M.Şirəliyev türkologiyada, o cümlədən, Azərbaycan dilçiliyində dilçilik coğrafiyasının banisidir. Onun Azərbaycan dilinin, Azərbaycan ədəbi dilinin tarixini öyrənmək sahəsində də xidmətləri böyükdür .

 

Sonra ADPU-nun Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova “Akademik Məmmədağa Şirəliyevin yaradıcılığında ümumtürk dilləri dialekt və şivələrinin tədqiqi”,  Müasir Azərbaycan dili kafedrasının professoru Buludxan Xəlilov  “Akademik Məmmədağa Şirəliyevin həyat və yaradıcılıq yolu”, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru  İsmayıl Məmmədli “Məmmədağa Şirəliyev Azərbaycan dialektologiya məktəbinin banisidir” mövzularında məruzələrlə çıxış ediblər.