Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Saleh  Qocayevin anadan olmasının 120 illiyinə həsr olunmuş Tələbələrin 68-ci Elmi-texniki konfransı başa çatıb.

 

Bağlanış mərasimində çıxış edən universitetin rektoru, professor Mustafa Babanlı konfransın əsas məqsədindən danışıb və yekunla bağlı təəssüratlarını bölüşüb. O, konfransın gedişində müşahidə etdiyi çatışmazlıqlar və müsbət məqamlarla bağlı fikirlərini tədbir iştirakçılarına çatdırıb.

 

4 bölmə üzrə bir neçə mühazirədə iştirak etdiyini deyən rektor yüksək nəticələr üçün daha yaxşı hazırlıq işlərinin görülməsinin əhəmiyətinə toxunaraq, növbəti ildən konfransın strukturunda müəyyən dəyişikliklər edilməsinin zəruriliyini söyləyib.

 

Sonra bölmələr üzrə sədrlərin hesabatları dinlənilib. Məlumat verilib ki,  ümumilikdə nəzərdə tutulmuş 406 tezisdən 300-ü birinci mərhələni keçib.

 

Konfransın sonunda bakalavr və magistratura üzrə qalib gələn tələbələr mükafatlandırılıblar ; yekunda 65 nəfərə diplom verilib. Onlardan 16 nəfər I, 21 nəfər II, 16 nəfər III və 12 nəfər həvəsləndirici yerləri qazanıb.