Müəllim-şairin 50 illik yubileyi və yaradıcılıq gecəsi keçirilib


Rəşid Behbudov adına Azərbaycan Mahnı Teatrında “Samur” Ləzgi Mədəniyyət Mərkəzi və “Marvar” Ədəbi Birliyinin təşəbbüsü ilə ləzgi şairi, Qusar rayonu Cibir kənd orta məktəbinin riyaziyyat müəllimi Eyvaz Güləliyevin 50 illik yubileyi və yaradıcılıq gecəsi keçirilib.

 

Tədbirdə müxtəlif rayonlardan poeziyasevərlər, şairin tələbə yoldaşları, elm adamları, müəllim kollektivi, qələm dostları, Qusar rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Yaradıcılıq gecəsində şairin 50 yaşının tamamında işıq üzü görən, sayca 6-cı “Bir daş da Vətəndir” adlı kitabı da təqdim olunub.

 

İştirakçılar müəllifin yaradıcılığından, müəllimlik fəaliyyətindən,  Vətənə, şəhidlərə, ana təbiətə ülvi hissləri, hörməti  tərənnüm edən şeirlərinin məzmun gözəlliyindən danışıblar.

 

Adıçəkilən kitabdakı poetik nümunələrlə yanaşı, müəllifin əvvəlki illərdə dərc olunan şeirlərindən seçmələr də oxunub, şairin sözlərinə yazılmış mahnılar, milli ləzgi rəqsləri ifa edilib.

 

Sonda yubilyar ölkəmizdə  yaşayan bütün xalqların dil və mədəniyyətlərinin inkişaf etdirilməsində göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə  minnətdarlığını bildirib.
 

Elman ƏBDÜLOV