Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU)  tələbələrin praktik bilik və bacarıqlarının inkişaf etdirilməsi əsas hədəflərdəndir. Təhsil standartlarının tələblərinə uyğun olaraq, cari tədris ilindən etibarən buraxılış kurs tələbələri üçün  tədris və istehsalat təcrübələri təşkil olunur. Hazırda tələbələr respublikanın aparıcı və innovasiyalı müəssisələrində təcrübə keçməklə praktik bilik və bacarıqlarını möhkəmləndirir, təcrübə obyektlərində əmək bazarına hazırlıq mərhələsini keçirlər.

 

İstehsalat təcrübəsi üçün seçilmiş obyeklərdən biri də Gəncə "ASAN xidmət" mərkəzidir. Hazırda universitetin “informasiya texnologiyaları və sistemləri mühəndisliyi”, “dünya iqtisadiyyatı”, “iqtisadiyyat”, “menecment”, “biznesin idarə olunması”, “mühasibat uçotu və audit” ixtisaslarında təhsil alan 27 tələbəsi qeyd olunan mərkəzdə müvəffəqiyyətlə təcrübə keçir. Tələbələr təcrübə üçün yaradılan şəraitdən məmnunluqlarını, burada vətəndaşlarla ünsiyyət, mükəmməl xidmətin əsas amilləri, sənədlərlə iş, elektron xidmətlərdən istifadə sahəsində böyük təcrübələr əldə etdiklərini bildiriblər.