Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Günəşin axtarışında” beynəlxalq iş qrupunun  tədbiri keçiriləcək.

 

Qeyd edək ki, "Günəşin axtarışında" qrupu ötən il  Qafqaz Tarixi Mərkəzinin təşəbbüsü ilə mənəvi ənənələrin, mədəniyyətlərin xüsusiyyətlərinin və dinlərarası dialoqun müqayisəli araşdırılması üzrə UNESCO kafedrasının dəstəyi ilə MEK-in bazasında yaradılıb. İşçi qrupuna Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Türkiyə, Özbəkistan, Litva və digər ölkələrdən olan alimlər, ictimai xadimlər, fəallar, tarixçilər daxildir.

 

Tədbirə AMEA-nın müxtəlif institutları, icra hakimiyyəti, bələdiyyələr, QHT-lər, KİV-lər, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi və digər qurumların nümayəndələri dəvət olunub.

 

Tədbirdə 2018-2019-сu illər üzrə fəaliyyətə dair  təqdimat keçiriləcək, abidələrin qorunması və "Günəşin axtarışında" işçi qrupun fəaliyyətinin hakimiyyət orqanları, dövlət idarələri və digər qurumlar tərəfindən dəstəklənməsi məsələləri müzakirə ediləcək. Eləcə də tədbirdə "Günəşin axtarışında" işçi qrupu üzvlərinin rəyinə əsasən, 2020-2021-ci illərdə bərpa olunmalı və qorunmalı tarixi və memarlıq abidələrinin siyahısı təqdim olunacaq.

 

Bildirilib ki, 2018-2019-cu illərdə qrupun fəalları Azərbaycan, Gürcüstan və Dağıstan (Rusiya) bölgələrində 80 dəfədən çox ekspedisiyada olublar. Səfərlərin nəticəsi olaraq, MEK-in mütəxəssisləri sistemli şəkildə elektron kataloqda və rəqəmsal bazada pasportlaşdırmaq üçün zəngin epiqrafik və etnoqrafik material toplayıb.

 

“Günəşin axtarışında” qrupu günəş işarələrini, müxtəlif tamqaları, epiqrafikanı və Qafqazın orta əsr memarlığını öyrənməyin müxtəlif metodlarından istifadə edir. MEK-in koordinasiyası ilə bölgənin etnoqrafik və mədəni irsinin öyrənilməsi, təsdiqlənməsi və qorunması üçün layihələr həyata keçirilir. Diqqət mərkəzində abidələr, qəbiristanlıqlar, qoç daşları (totem daş qoç və atlar), qorunmağa və bərpaya ehtiyacı olan ibadət yerləridir. Tədqiqatlar Azərbaycan, Gürcüstan və Dağıstanı əhatə edib.

 

İşçi qrup UNESCO, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, tarixi irsin öyrənilməsi və qorunması sahəsində ixtisaslaşmış digər beynəlxalq təşkilatlar, tədqiqat mərkəzləri və QHT-lərlə əməkdaşlığı genişləndirir. Tarixi irsin vəziyyətinə cavabdehlik yaratmaq,  monitorinq və inventarlaşdırma məqsədilə əhalinin məktəb yaşından başlayaraq müxtəlif qruplarını monitorinq və inventarizasiya prosesinə cəlb etmək və yay məktəblərinin açılması planlaşdırılır.

 

İşçi qrupun məqsədlərindən biri də Azərbaycanın bölgələrində turizmin inkişafına kömək etməkdir.