Lənkəran Dövlət Universitetində (LDU)  “Müasir təlim texnologiyalarının tətbiq olunmasının təhsilin keyfiyyətinə təsiri” mövzusunda  gənc tədqiqatçıların  respublika  elmi-praktik konfransı keçirilib.

 

LDU ilə yanaşı, ölkənin aparıcı ali təhsil müəssisələrindən, elmi mərkəzlərdən, müxtəlif təşkilatlardan nümayəndələrin, görkəmli alimlərin qatıldığı konfransı  universitetin  rektoru vəzifəsini icra edən profesor Natiq İbrahimov açıb. O,  rəhbərlik etdiyi ali məktəbdə  son illərdə keçirilən müxtəlifyönümlü beynəlxalq və respublika miqyaslı elmi konfranslar barədə iştirakçılara məlumat verib. Bildirib ki, konfransın keçirilməsində əsas məqsəd  müasir təlim texnologiyalarının tədbiq olunmasının təhsilin keyfiyyətinə təsirini öyrənmək, mövzuya gənc tədqiqatçıların elmi yanaşmasını  təhlil etmək, müxtəlif elm sahələrinə təsirini müzakirə etmək, elmi nəticələrin tədbiqinə nail olmaqdır. Universitet rəsmisi ali təhsil ocaqlarında  gənc tədqiqatçılar üçün optimal şəraitin yaradılmasını, modern laboratoriyaların quraşdırılmasını elmi inkişafın əsas amili kimi dəyərləndirib və bu istiqamətdə LDU-da görülən işlərdən bəhs edib.

 

Konfransda LDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dosent İdrak Əsgərov “Müasir təlim texnologiyalarının tətbiq olunmasının təhsilin keyfiyyətinə təsiri” mövzusunda geniş məruzə edib.  Onun sözlərinə görə, təhsilin keyfiyyət səviyyəsi hər bir tarixi mərhələdə ictimai-siyasi, sosial –iqtisadi, elmi-mədəni inkişafla bağlı tələblərdən irəli gəlir. İ.Əsgərov universitetin  timsalında  bu istiqamətdə görülən işlər və perspektiv planlar barədə  iştirakçılara ətraflı məlumat verib.

 

BDU- nun Fiziki coğrafiya kafedrasının müdiri, professor Yaqub Qəribov müasir təlim texnologiyalarının tədbiqinin təhsilin inkişafına göstərdiyi müsbət təsiri çalışdığı və səfər etdiyi xarici ölkələrin təcrübəsi əsasında  şərh edib.

 

Qeyd edək ki,  konfrans öz işini plenar iclaslarda davam etdirib.