Mingəçevir Dövlət Universitetində (MDU) “Vətənpərvərlik – Vətənə xidmətin ali zirvəsidir” mövzusunda tədbir keçirilib. MDU-nun Mingəçevir şəhər Gənclər və İdman İdarəsi və Mingəçevir Peşə Məktəbi ilə birgə təşkil etdiyi tədbirdə universitetin, həmçinin peşə məktəbinin professor-müəllim və tələbə kollektivi iştirak edib.

 

Universitetin rektoru Şahin Bayramov tədbirin keçirilməsində əsas məqsədin tələbə-gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından, onlarda dövlətimizə və milli-mənəvi dəyərlərimizə hörmət hissinin aşılanmasından ibarət olduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq idealogiyasının inkişafı sahəsində misilsiz xidmətlər göstərdiyini xatırladan Ş.Bayramov hazırda ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında ölkəmizin iqtisadi qüdrətinin davamlı artdığını və ordumuzun gücləndiyini vurğulayıb. 2016-cı ilin aprel döyüşləri şəhidlərinin valideynlərinin, aprel döyüşləri şəhidinin övladının və həmin döyüşlərin iştirakçılarının tədbirə qatılmasının önəmini xüsusi vurğulayan rektor vətənin bütövlüyü və Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin daim hörmət və ehtiramla anıldığını bildirib.

 

Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli vətənpərvərilk mövzusunda keçirilən tədbirlərin əhəmiyyətindən və gənclərin hərtərəfli inkişafında mühüm rol oynamasından danışıb. K.Nəcəfli vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi istiqamətləri barədə tələbə-gənclərə öz tövsiyələrini çatdırıb.

 

Mingəçevir Peşə Məktəbinin direktoru İlham İlyasov gənclərin milli atributlara hörmətlə yanaşması və xalqımızın şərəfli tarixini dərindən öyrənməsinin vacibliyini qeyd edib. İ.İlyasov təhsil aldığı ixtisasdan və fəaliyyət göstərəcəyi sahədən asılı olmayaraq, tələbələrin xalqa və dövlətə sədaqət ruhunda tərbiyə olunmasının önəminə diqqət çəkib.

 

Aprel döyüşlərinin iştirakçısı Rəcəb İbrahimov və düşmənlə üz-üzə döyüşlərdə fədakarlıq göstərən Şahmar Həsənlinin səhnəyə çıxması tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Onların döyüş xatirələri və şəhid olan əsgər yoldaşlarının qəhrəmanlıqları haqqında danışdıqları tələbələrdə Azərbaycan ordusunun rəşadəti və gücü barədə aydın təsəvvür yaradıb.

 

MDU tələbələrinin ifasında təqdim olunan ədəbi-bədii kompozisiya və nümayiş etdirilən videoçarx müasir Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunu bir daha göstərib.