Naxçıvan Dövlət Universitetində (NDU) 2019-2020-ci tədris ilinin birinci yarısında Naxçıvan Muxtar Respublikası və universitet daxilində keçirilən yarışlarda fərqlənən tələbələr mükafatlandırılıb.

 

Müxtəlif idman yarışları, əlamətdar tarixi günlər münasibətilə keçirilən yaradıcılıq müsabiqələrində, bilik yarışmalarında, ümumiyyətlə universitetin ictimai işlərində fəallıq göstərən tələbələrin də qatıldığı tədbirdə ali təhsil ocağının rektoru Elbrus İsayev çıxış edib. Tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün mövcud imkanları qiymətləndirən rektor qazanılan uğurları gənclərə göstərilən yüksək dövlət qayğısının təzahürü kimi qiymətləndirib.

        

Bədən tərbiyəsi və idman kafedrasının dosenti, pedaqogika üzrə elmlər doktoru Məmmədəli Rəhimov universitetin idman həyatında qazandığı uğurlardan danışıb. Qeyd edilib ki, universitetin Bədən tərbiyəsi və İdman ixtisası üzrə III kurs tələbəsi Sərcan Məmmədov, həmin ixtisas üzrə  I kurs tələbəsi Aslan İsmayılov Makedoniyada keçirilən XI Avropa Şotokan  karate çempionatında çıxış edib və III yeri qazanıblar.

 

Muxtar respublika birinciliyində yüngül atletika üzrə 200 m məsafədə qaçışda Gülayə Cəfərova, 400 m məsafədə qaçışda isə Xatın Orucova qalib olublar. Boks üzrə yarışda Kamran Allahverdiyev, Nizami Novruzov, Bursay İbrahimov I yerə layiq görülüb.

 

“Badminton idman növü üzrə komandamız  I yeri, badmintonçu Səba Şirzad isə bu idman növü üzrə qalib adını qazanıb. Oğlanlar arasında keçirilən stolüstü tennis yarışlarında mükafata layiq 3 yeri də universitetin idmançıları tutublar. Şahmat üzrə beynəlxalq turnirlərdə, muxtar respublikada keçirilən şahmat çempionatında ölkəni layiqincə təmsil edən şahmatçılar var”-deyə M.Rəhimov bildirib.  

 

Univeristet arasında keçirilən 6 idman növü üzrə yarışlarda ümumi nəticələrə görə 8 xalla Pedaqoji fakültə I yeri, Xarici tələbələr üzrə dekanlıq II, İqtsad və Tibb fakültəsi III yeri tutublar.  

        

Tələbə Gənclər təşkilatının sədri Zümrüd Səfərova universitetin mədəni-kütləvi tədbirlərində tələbələrin fəal iştirak etdiyini  bildirib. Vurğulanıb ki, semestrin ən böyük uğuru isə NDU Tələbə Gənclər Təşkilatının (TGT) muxtar respublikanın ən yaxşı TGT seçilməsi olub.

 

Tədbirdə Naxçıvan Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “Muxtar respublikada ən yaxşı Tələbə Gənclər təşkilatı” layihəsində qalib adını qazanan “İnam işığı” adlı film nümayiş olunub.

 

Sonda qaliblər universitetin diplom və müxtəlif hədiyyələri ilə mükafatlandırılıb.