AMEA-nın vitse-prezidenti, Ədəbiyyat  İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Rusiya Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru Vadim Polonskinin rəsmi dəvəti ilə həmin institutun Elmi Şurasında «Azərbaycan-Rusiya ədəbi əlaqələri: ənənələr, reallıqlar və perspektivlər» mövzusunda elmi məruzə ilə çıxış edib.

 

Məruzədə Azərbaycan-Rusiya ədəbi əlaqələrinin inkişaf mərhələləri və əsas istiqamətlərindən, əldə edilən mühüm elmi nəticələrdən və qarşıda duran vəzifələrdən bəhs olunub.

 

Dünya Ədəbiyyatı İnstitutunun direktoru Vadim Polonski  akademik İsa Həbibbəylinin çoxcəhətli elmi fəaliyyəti haqqında məlumat verib.

 

Məruzə ətrafındakı müzakirələrdə isə akademik Aleksandr Kudelin, filologiya elmləri doktoru, professor Kazbek Sultanov, filologiya elmləri doktoru, professor Andrey Kofman, Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin rəhbəri, filologiya elmləri doktoru, professor Abuzər Bağırov, filologiya elmləri doktoru, professor Salidə Şərifova, filologiya elmləri namizədi Lyubov Turbina və başqaları çıxış ediblər. Elmi məruzənin  Dünya Ədəbiyyatı İnstitutunun «Elmi əsərlər» jurnalında çap edilməsi tövsiyə olunub.

 

Bundan başqa,  Dünya Ədəbiyyatı İnstitutunun rəhbərliyi ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlıqla əlaqədar məsələlər nəzərdən keçirilib. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun və Maksim Qorki adına Ədəbiyyat İnstitutunun «Elmi əsərlər» jurnallarının hər iki ölkənin ədəbiyyatlarına  həsr edilən  xüsusi buraxılışının hazırlanıb çap edilməsi qərara alınıb.

 

Sonda Dünya Ədəbiyyatı İnstitutuna üzərində AMEA-nın emblemi həkk olunmuş Azərbaycan xalçası hədiyyə edilib.  Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna isə görkəmli rus rəssamı S.Kutuzovun çəkdiyi rəsm əsəri bağışlanıb.

 

Səfər çərçivəsində AMEA-nın vitse-prezidenti  Rusiya Elmlər Akademiyasının İctimai Elmlər üzrə vitse-prezidenti, akademik Taliya Xabriyeva ilə də görüşüb.

 

Görüş zamanı AMEA  və Rusiya Elmlər Akademiyasının 2020-ci ildə Xəzəryanı ölkələrin elmlər akademiyaları ilə birlikdə keçirilməsi qərara alınan «Xəzər dialoqu» beynəlxalq forumunun təşkili ilə əlaqədar məsələlər müzakirə olunub.