Naxçıvan Dövlət Universiteti Pedaqoji fakültəsində “Zərərli vərdişlərdən uzaq olaq” mövzusunda tədbir keçirilib.

 

Fakültənin dekanı Vəli Əliyev bu cür maarifləndirici tədbirlərin keçirilməsinin gənc nəslin tərbiyəsində, maariflənməsində əhəmiyyətindən danışıb.

 

Sonra Yeni Azərbaycan Partiyası universitet ərazi ilk təşkilatının sədri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Asəf Əliyev bütün gəncləri sağlam gələcək naminə tütün məhsulları ilə mübarizəyə səsləyib. Bildirilib ki, hər bir gənc, ilk növbədə öz ətrafından başlayaraq tütün məhsullarına qarşı mübarizə aparmalıdır. Vurğulanıb ki, bu zərərli vərdişə insanlar, adətən gənc yaşlarda başlayır və bir çox hallarda ondan xilas ola bilmirlər.

 

Texnologiya müəllimliyi ixtisası üzrə II kurs tələbələri Elazər Yəhyalı “Siqaretə yox deyək”, Türkanə Həsənova “Spirtli içkilərin insan orqanizminə mənfi təsiri”, Leyla Babayeva “Narkomaniyanın fəsadları” adlı çıxışlarında diqqətə çatdırıblar ki, gənclər tütün məhsulları, narkomaniya, alkoqolizm kimi zərərli vərdişlərdən uzaq olmalıdır. Bu istiqamətdə maarifləndirmə ilə yanaşı, ictimai qınağın olması da önəmlidir.

 

Bədən tərbiyəsi və idman ixtisası üzrə III kurs tələbəsi Hüseyn Bağırov “Sosial şəbəkədən istifadənin zərərli tərəfləri” adlı çıxışında tələbələrin sosial mediadan düzgün istifadəsi haqda məlumat verib. Gənc nəslin vaxtının çox hissəsini internetdə keçirməsini də zərərli vərdiş sayan tələbə sosial şəbəkələrdən düzgün istifadə haqda tələbələri məlumatlandırıb.