Bakı Ali Neft Məktəbinin (BANM) nigeriyalı tələblələri Azərbaycan xalq mahnısı, əfsanəvi “Sarı gəlin”i ifa ediblər.

 

Neft-qaz mühəndisliyi ixtisasının 2-ci kurs tələbələri İnyama Somtoçukvu Çidinma, Ezinne Ezuma Cessika, eyni zamanda, Kimya mühəndisliyi ixtisasının 3-cü kurs tələbələri Günel Hüseynli, Nilufər Əsgərzadə bu xalq mahnısını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə ali məktəbdə təşkil olunan tədbirdə təqdim ediblər.

 

Əcnəbi tələbələr 3 gün ərzində mahnını Azərbaycan dilində ifa etməyi öyəniblər. Onlar BANM-də təhsil aldıqları müddətdə Azərbaycan dili və tarixi ilə yaxından maraqlandıqlarını, ölkəmizin milli-mənəvi dəyərlərinin onlarda yüksək təəssürat yaratdığını qeyd ediblər.

 

“Sarı gəlin” mahnısının sözləri və musiqisi çox gözəldir. Eyni zamanda, bu xalq mahnısının hekayəsi də olduqca maraqlıdır. Ümumiyyətlə, Azərbaycanın zəngin tarixi, milli musiqisi, milli rəqsləri var. Biz də bunları sevə-sevə öyrənirik” – deyə İ.Çidinma bildirib.