Bakı Mühəndislik Universitetində (BMU) Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunan bayram tədbiri keçirilib.

 

BMU-nun rektoru, professor Havar Məmmədov həmrəylik gününün əhəmiyyətini diqqətə çatdıraraq, bu bayramın dünya üzrə sayı 50 milyonu ötən bütün azərbaycanlıların bayramı olduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin  təşəbbüsü ilə Dünya Azərbaycanlılarının ilk qurultayının keçirildiyini, onun sərəncamıyla Diasporla İş üzrə Dövlət Komitəsinin yaradıldığını sözlərinə əlavə edən H.Məmmədov Ulu öndərin siyasətinin, həmçinin onun diaspora ilə bağlı ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb.

 

H.Məmmədov 2019-cu ilin Azərbaycan üçün uğurlu olduğunu, Prezident İlham Əliyevin müasir yanaşmalara əsaslanan mükəmməl islahatlar konsepsiyası nəticəsində həm daxili, həm də xarici siyasətdə ciddi uğurlara imza atıldığını deyib.

 

Başa çatan ilin BMU üçün də uğurlu il olduğunu bildirən H.Məmmədov universitetin professor-müəllim heyətinin və tələbələrinin əldə etdiyi nailiyyətlərə toxunub. Çıxışının sonunda rektor universitet kollektivini bayram münasibətilə təbrik edib, xoş sözlərini çatdırıb.

 

Sonra tədbirdə BMU-nun Bədii yaradıcılıq bölməsinin təşkilatçılığı ilə tələbələrin ifasında mahnılar səsləndirilib, rəqslər və səhnəciklər nümayiş olunub.