Bakı Slavyan Universitetinin (BSU) Elmi Şurasının geniş tərkibdə iclası keçirilib.

 

BSU-nun rektoru, professor Nurlana Əliyeva  universitetin professoru Ellada Quliyevaya Təhsil Nazirliyi tərəfindən verilən fəxri fərmanı, baş müəllim Xuraman Ələsgərovaya “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanını, müəllim Səftər Məlikova Gənclər və İdman Nazirliyi tərəfindən verilən “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adının vəsiqəsini, Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri, dosent Yaşar Alxasova Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyası tərəfindən verilən A.S.Puşkin adına medalı təqdim edib, onlara daha böyük uğurlar arzulayıb.

 

N.Əliyeva BSU-nun İctimai Etimad Şurasının sədri, təhsil eksperti, professor Şahlar Əsgərova il ərzində universitetdə keçirilən tədbirlərdə maraqlı və əhatəli çıxışlarına, mühazirələrinə görə “Bakı Slavyan Universitetinin dostu” nominasiyasının qalibi diplomunu təqdim edib.

 

Elmi Şuranın iclasında, həmçinin 2019-cu ilin yekunlarına görə müxtəlif nominasiyalar üzrə BSU əməkdaşlarının və ayrı-ayrı strukturların mükafatlandırılması keçirilib.

 

Sonra rektor dekabr ayında universitetdə keçirilən respublika və beynəlxalq əhəmiyyətli tədbirlər barədə  çıxış edib, qarşıda duran əsas vəzifələri diqqətə çatdırıb. Onun sözlərinə görə əsas vəzifə təhsilin keyfiyyətinin yüksəldilməsi, 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsini təmin etməkdir.

 

N.Əliyeva  BSU-nun bir qrup əməkdaşına 2019-cu ildə universitetin tədris, elmi və ictimai həyatında göstərdikləri səmərəli fəaliyyətə görə təşəkkürnamə təqdim edib.