31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə  AMEA –nın Coğrafiya İnstitutunda yığıncaq keçirilib.

 

İnstitutun direktoru, akademik Ramiz Məmmədov  dünya azərbaycanlılarının birlik və həmrəyliyindən  söz açaraq deyib ki, bu bayram dünyanın 70-dən çox ölkəsində qeyd olunur. 50 milyondan çox azərbaycanlını birləşdirmək məqsədilə ümummilli lider  Heydər Əliyev tərəfindən  təsis edildiyini vurğulayan akademikin sözlərinə görə, bu bayram dünyadakı  azərbaycanlıların vahid ideya ətrafında birləşməsində, həqiqətən də xüsusi rola malikdir.

 

2019-cu ili institut üçün uğurlu sayan R.Məmmədov  “Türk dünyasının coğrafiyası və etnosu” üçcildliyinin 2 cildinin  çapdan çıxmasını  əlamətdar hadisə kimi qeyd edib. Bildirib ki, türkdilli ölkələrin bir-birinin  coğrafiyasını, tarixini, mədəniyyətini öyrənməsi, yaxşı tanıması onların bir-birinə daha da yaxınlaşmasında və birliyində əhəmiyyətli rol oynaya bilər.

 

Elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov, institut Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev, kadrlar şöbəsinin müdiri Rəsul İsmayılov, Qadınlar Şurasının sədri Luiza Salayeva və digərləri xalqımızın birlik və mütəşəkkilliyini tərənnüm edən bu bayramın dünyanın müxtəlif ölkələrində yaşayan çoxsaylı azərbaycanlıları birləşdirərək,  onlar arasında birlik,  həmrəylik yaratmağa xidmət etdiyini diqqətə çatdırıblar.