Naxçıvan Dövlət Universitetində elmi-pedaqoji kadrların hazırlanmasında mövcud vəziyyətə dair yığıncaq keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev elmi-pedaqoji kadrların hazırlanmasına göstərilən dövlət dəstəyindən danışıb. Onun sözlərinə görə elmi fəaliyyət çox çətin, eyni zamanda böyük məsuliyyət tələb edən bir işdir.

 

“Əvvəlki illərlə müqayisədə indi elm adamından daha çox əmək tələb olunur. Xarici dili yüksək səviyyədə bilmək, xarici ədəbiyyatdan, müasir üsullardan istifadə qaydaları, etik normalar kimi qaydalar müasir dövrün tələbləridir”-deyə rektor elm yolunda inamla addımlayan hər kəsi bu istiqamətdə fəal mövqeyə, məsuliyyətli olmağa səsləyib.

 

Universitetin elmi katibi Məftun İsmayılov “2019-cu ildə doktorant və dissertantların attestasiyanın nəticələri” adlı çıxışında təhsilin doktorantura səviyyəsini əhatə edən “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasına dair ortaya qoyulan dövlət proqramını diqqətə çatdırıb. Qeyd edilib ki, bu proqram ölkəmizdə yeni nəsil mütəxəssislərin, elmi-pedaqoji kadrların yetişdirilməsi istiqamətində mühüm əhəmiyyətə malikdir. Bildirilib ki, universitetdə fəlsəfə doktoru proqramına dair 38 ixtisas üzrə 134 doktorant və dissertant, elmlər doktoru proqramına dair isə 12 ixtisas üzrə 17 doktorant və dissertant hazırlığı aparılır. Universitetdə doktorant və dissertant hazırlığını 25 kafedra həyata keçirir. Fəlsəfə doktoru proqramı üzrə təhsil alanlardan 24 nəfəri doktorant, 110 nəfəri isə dissertantdır. Doktorant və dissertantlardan 63 nəfəri büdcə hesabına, 71 nəfəri isə ödənişli təhsil alır. Onlardan 2 nəfəri xarici ölkə vətəndaşıdır.

 

Sonra doktorant və dissertantların fikirləri dinlənilib, hər kəsin qarşısında duran vəzifələr müəyyənləşdirilib.